21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İstanbulda Azərbaycan-Türkiyə II Enerji Forumu keçirilib

06.10.2022

İstanbulda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin rəhbərliyi ilə Azərbaycan-Türkiyə II Enerji Forumu keçirilib.

"DM"-nın xəbərinə görə, forumdan əvvəl hər iki ölkənin enerji nazirləri arasında ikitərəfli görüş olub.

Görüşdə Enerji Forumu formatında əməkdaşlıq prioritetləri üzrə İşçi qruplarının fəaliyyəti nəzərdən keçirilib. Karbohidrogen, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi bazarı və tənzimləmə məsələləri üzrə 4 İşçi qrupunun oktyabrın 5-də keçirilmiş görüşlərinin nəticələri barədə müzakirələr aparılıb. Həmçinin təbii qaz və elektrik enerjisinin tədarükü, eləcə də tranziti ilə bağlı tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov iclasda çıxışında Forumun Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərində enerji əməkdaşlığının gücləndirilməsinə və qlobal çağırışlara uyğun inkişafına xidmət etdiyini vurğulayıb. Nazir güclü Azərbaycan-Türkiyə enerji birliyinin tarixi zərurət, regional və Avropa miqyasında təhlükəsiz, dayanıqlı enerji təchizatının qarantı olduğunu söyləyib. Bildirilib ki, xüsusilə, enerji böhranı şəraitində TANAP və TAP təchizatda etibarlılıq rəmzinə çevrildi. Azərbaycan və Türkiyə enerji təhlükəsizliyinin davamlı təminatında strateji maraq kəsb edən ölkələr oldular: "Mürəkkəb geosiyasi və enerji böhranı reallıqlarında Azərbaycan və Türkiyənin getdikcə artan belə geostrateji rolu dövlət başçıları - cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın bir-birinə sarsılmaz inam və güvənlə yürütdükləri siyasətin, onların timsalında Azərbaycan və Türkiyənin birləşmiş gücünün təcəssümüdür".

TANAP-ın Türkiyə üçün hazırkı və dəhlizin genişləndirilməsi ilə artacaq əhəmiyyətindən də bəhs edilib. 2018-ci ilin iyul ayından bu ilin oktyabrınadək Türkiyənin TANAP-la 18 milyard kubmetr təbii qazla təchiz edildiyi, 2022-ci ilin 9 ayında bu ölkəyə tədarük olunmuş 6.1 milyard kubmetr qazın 4.2 milyard kubmetrinin məhz bu boru kəməri ilə nəql edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, 2023-cü ilə Azərbaycandan Türkiyəyə qaz ixracı 9.3 milyard kubmetrə çatacaq. Nazir, həmçinin deyib ki, Azərbaycandan elektrik enerjisi Zəngəzur dəhlizi vasitəsilə həm Türkiyəyə ixrac edilə, həm də Avropaya ötürülə bilər. Bununla, neft, təbii qazdan sonra elektrik enerjisi ilə də Azərbaycan və Türkiyə enerji təhlükəsizliyinin təminatında mövqelərini daha da möhkəmləndirmiş olacaqlar.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib: "Hər mərhələsində dəstəyimizi güclü şəkildə göstərdiyimiz Vətən Müharibəsi ilə işğaldan azad edilən ərazilərdə "Yaşıl Enerji” Konsepsiyasının həyata keçirilməsində həm dövlət, həm də özəl sektor olaraq hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik. Yaxın zamanda enerji sektorumuzdakı iş birliyini daha da irəliyə aparacaq hökumətlərarası anlaşmaya imza atmağı planlaşdırırıq”.

Qeyd olunub ki, Türkiyə bərpa olunan enerjinin inkişafına, enerji səmərəliliyinə, elektrik enerjisi bazarının liberallaşdırılması və tənzimləməyə dair zəngin təcrübəsini Azərbaycanla bölüşür və bu da ölkələrimizin enerji transformasiya prosesində birgə addımlarına dəstək verir.

Forumda, həmçinin SOCAR-ın prezidenti Rövşən Nəcəf, "Azərenerji” ASC-nin sədr müavini Vüqar Şahmuradov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun departament direktoru Tural Hacılı, BOTAŞ-ın baş direktoru Burhan Özcan, TPAO-nun baş direktoru Melih Han Bilgin, TEİAŞ-ın baş direktoru Orhan Kaldırım, EÜAŞ-ın baş direktoru İzzet Alagöz, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının sədri Nail Olpak və digər qurumların təmsilçilərinin çıxışları dinlənilib.

Tədbirin yekununda "Azərbaycan-Türkiyə II Enerji Forumunun Protokolu” imzalanıb.