Zaxarova: Geniş əhatəli təkliflərimiz Bakı və İrəvana təqdim edilib
06.10.2022
Rusiyaya yaxın olan iki ölkənin, bizim strateji əməkdaşlarımız olan ölkələrin (Azərbaycan və Ermənistan-red.) münasibətlərinin yaxşılaşdırılması üçün kompleks işlər görürük, buraya həmçinin sülh müqaviləsinin hazırlanması da daxildir.
"DM" xəbər verir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə "Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişatı rəsmi Moskvanı qane edirmi?" sualına cavabında bildirib.
"Əvvəl də xəbər verdiyimiz kimi, bizim geniş əhatəli təkliflərimiz Bakı və İrəvana təqdim edilib. Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev regiona bir neçə səfər edib və sentyabrda da belə bir görüş keçirilib. Bizim bu məsələdəki rolumuzu şübhə altına almaq və guya ki, fəaliyyətsizliyimizi iddia edənlər əslində öz istəklərini reallıq kimi təqdim etməyə çalışır. Biz isə əməli işlərlə məşğul oluruq, gözəl görünüş üçün deyil, konkret nəticələr üçün çalışırıq. Biz xüsusi və arxasında heç nə olmayan boş reklam fəaliyyəti ilə məşğul deyilik. Biz əldə edə bildiklərimizi deyirik”, - Zaxarova qeyd edib.