İçki və siqaretə görə ƏDV qaytarılması dayandırılıb
06.10.2022
Oktyabrın 1-dən alkoqollu içkilər və tütün məmulatlarının alışına görə ƏDV-nin bir hissəsi geri qaytarılmır.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, 2022-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsində əlavə və dəyişikliklər edilib ki, bu dəyişikliklərin bir istiqaməti də "ƏDV geri al” mexanizminin təkmilləşdirilməsi çərçivəsində avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına ƏDV-nin qaytarılmasının istisna edilməsi ilə bağlıdır.
Dəyişikliyə əsasən, 2022-ci il oktyabrın 1-dən etibarən istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır.
Belə ki, alkoqollu içkilərin və tütün məmulatlarının əhalinin sağlamlığına mənfi təsir göstərən zərərli məhsullar olduğunu nəzərə alaraq, həmin məhsullar ƏDV-nin geri qaytarılması şəklində stimullaşdırıcı tədbirlərin dairəsindən çıxarılıb. Bununla yanaşı, "ƏDV geri al” mexanizminin tətbiqinə başlandıqdan ötən müddət ərzində aparılan təhlillər nəticəsində, ƏDV-nin qaytarılması prosesində xüsusilə alkoqollu içkilər və tütün məmulatlarının alqı-satqısı zamanı sui-istifadə hallarının yaranması müşahidə olunub.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişiklik ilə ƏDV-nin geri qaytarılması mexanizmi pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə yanaşı, 2022-ci il 1 yanvar tarixindən etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə də aid edilir.