Təqaüdçülərin kartlarındakı pulları mənimsəyən şəxs saxlanılıb
05.10.2022
Lənkəran rayon sakini olan bir qadın polisə müraciət edərək təqaüd kartından 200 manat pulun oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün köməklik istədiyi şəxs tərəfindən mənimsənildiyi məlum olub.
Faktı törətməkdə şübhəli bilinən şəxsin Lənkəran rayon sakini Təbriz Sadıxzadə olduğu müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun daha yeddi təqaüdçünün kartından da pul oğurladığı aşkarlanıb.
Belə ki, bankomatların yaxınlığında dayanan həmin şəxsin kartdakı pulu çıxarmaq üçün müraciət edən təqaüdçülərin etibarından sui-istifadə edərək həmin kartlardan mobil tətbiq vasitəsilə, "avans” götürmək yolu ilə və digər üsullarla ümumilikdə 2300 manatdan artıq pulu mənimsədiyi müəyyən edilib.
T.Sadıxzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102” xidməti-zəng mərkəzinə və ya ərazi polis orqanına məlumat vermələri xahiş olunur.
DİN-dən bir daha vətəndaşların diqqətinə çatdırılıb ki, bank kartlarını və onun üzərindəki məlumatları digər şəxslərə etibar etməsinlər.