Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Ağdamda BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifi qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu bildirib.
Bu ilin martında xanım Maimuna Mohd Şərifin Azərbaycana səfəri çərçivəsində keçirilmiş görüş zamanı müzakirə olunan məsələlərin reallaşdırılması istiqamətində əldə edilən irəliləyişləri müsbət qiymətləndirən Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib.
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirib və Milli Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsinə görə təbriklərini çatdırıb. Azərbaycanla Məskunlaşma Proqramı arasında əməkdaşlığın hərtərəfli qaydada inkişaf etdiyini vurğulayan Maimuna Mohd Şərif Prezident İlham Əliyevin Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasındakı çıxışını məmnunluqla xatırlayıb, UN-HABITAT-ın Nyu-Yorkda keçirilən toplantısında, həmçinin Katovitse dəki tədbirdə Azərbaycan nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirib. O, Azərbaycan hökumətinin UN-HABITAT-ın fəaliyyətinə verdiyi dəstəyə, o cümlədən könüllü maliyyə töhfəsinə görə dərin təşəkkürünü ifadə edib.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı şəhərsalma və yenidənqurma fəaliyyəti həyata keçirdiyinə toxunan BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru həmin ərazilərdə görülən işlərin miqyasından və sürətindən heyranlığını ifadə edib, qısa zaman ərzində ölkəmizin şəhərsalma sahəsində müasir yanaşmalar tətbiq edərək belə nailiyyətlər qazanmasını xüsusi vurğulayıb. O, həmçinin UN-HABITAT-ın bu prosesdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib və Azərbaycan üzrə hazırlanmış layihə sənədini dövlətimizin başçısının diqqətinə çatdırıb.
Prezident İlham Əliyev Azərbaycanın UN-HABITAT-la əməkdaşlığı bundan sonra da genişləndirəcəyini və Proqramın fəaliyyətinə dəstək göstərəcəyini bildirib. Dövlətimizin başçısı Milli Şəhərsalma Forumunun ölkəmizdə illik əsasda keçiriləcəyini qeyd edib.
Sonda qonaq Məskunlaşma üzrə ölkə proqramı sənədini - Azərbaycan Respublikasında BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq strategiyasını dövlətimizin başçısına təqdim edib.
Bu barədə AZƏRTAC məlumat yayıb.