Rusiya yeni regionların birləşdirilməsi ilə bağlı Konstitusiyada dəyişikliklər edəcək
04.10.2022
Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi proseduru Vladimir Putinin müvafiq fərmanı əsasında Rusiya Konstitusiyasına əlavə və dəyişikliklərlə başa çatacaq.
Bunu Rusiya Federasiya Şurasının konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin sədri Andrey Klişas bildirib.
Qeyd edək ki, bu gün Federasiya Şurası Ukraynanın dörd regionun Rusiyaya birləşdirilməsi barədə müqavilələri ratifikasiya edib.
Rusiya Parlamentinin yuxarı palatası eyni zamanda ”Donetsk və Luqansk Xalq Respublikaları”nın, Xerson və Zaporojye vilayətinin Rusiya Federasiyasının tərkibinə daxil olması haqqında konstitusiya qanununu da qəbul edib. Konstitusiya qanununa görə, Donetsk və Luqansk "respublika” statusunda, Xerson və Zaporojye isə "vilayət” statusunda Rusiyanın tərkibinə daxil olurlar.