Ermənilərin “güllələnmə səhnəsi” – hədəf nədir?
03.10.2022
Azərbaycan hərbçilərinin "erməni əsirləri” güllələməsi ilə bağlı yayılan video kifayət qədər şübhəlidir və açıq suallar yaradır, xüsusilə görüntülərin sürətli şəkildə xarici mediaya servis edilməsi, Bakı-İrəvan münasibətlərində vasitəçilik edən avropalı siyasətçilərin məsələyə münasibəti və s. fonunda.
- Görüntülər nə qədər realdır?
- Niyə indi ortaya çıxdı?
- Bu görüntülər nəyə hesablanıb?
Görüntülərin feyk olduğuna əminlik yaradan məqamlar var:
1. Görüntü və səs arasında uyğunsuzluq açıq hiss olunur;
2. "Əsirlər”in reaksiyası "güllələnən” insanın reaksiyasına bənzəmir;
3. Videosujetin həcmi "gerçək güllələmə” səhnəsinin qurulması baxımından çox azdır: təsəvvür edək ki, bir hərbçi düşmən hərbçiləri güllələyir, belə olanda sonda mütləq öz "imzasını” qoymalıdır - Ermənistan, yaxud ermənilər haqda nəsə mesaj göndərə bilər; döyüşlərlə bağlı Azərbaycan hərbçilərinin çəkdikləri videoların əksəriyyətinin sonunda da "imza”ya rast gəlmək olur.
Videonu incələdikdə montaj olduğu açıq şəkildə görünür. Təbii ki, bu sahənin mütəxəssisləri daha dəqiq bilərlər. Lakin 44 günlük müharibə və sonrasında Ermənistanın "səhnəciklər” qurması faktları da bu videonun feyk olduğu fikrini daha da gücləndirir.
- Müharibə dağlarda getdiyi vaxt "azərbaycanlı hərbçilərin” əli bağlı olan iki "erməni əsri” güllələdiyi görüntüsü yayılmışdı, hərçənd, səhnəciyin şəhər mühitində çəkildiyi aydın görünürdü;
- Ermənistan Azərbaycanın müharibəyə "terrorçu” cəlb etdiyini iddia edirdi və bunun "görüntülərini” də yaymışdı: görüntülərdə Dövlət Sərhəd Xidmətinin hərbi formasında bir neçə şəxsin gəzdiyi görünürdü, bu görüntülərdən bir neçə gün sonra (o zamankı) müdafiə naziri David Tonoyanın zirzəmidə keçirdiyi görüşdəki erməni əsgərlərin bir neçəsində Azərbaycan DSX-nın hərbi formasının bənzərinin olduğu aydın görünürdü;
- Yaxud döyüşdə məğlub olan erməni ordusunun "qələbəsinə” aid bir videogörüntü var idi: bütün bölük ölür, bir erməni əsgər sona qədər döyüşür və postu qoruyur, komandir onu qucaqlayır; həmin görüntülərdə mikrafonu gizlətməyi unutmuşdular;
Belə feyk görüntülərin, qurulan səhnəciklərin sayı kifayət qədərdir. Və ermənilərin səhnəcik təcrübəsi də son görüntülərin "Azərbaycan əsgərinin formasında” qurulan növbəti teatr olduğunu deməyə əsas verir.
"Niyə indi yayıldı” sualının cavabını sərhəd toqquşmasından sonra siyasi proseslərin inkişafında tapmaq mümkündür.
Ermənistan, eyni zamanda, Qərb ölkələrindəki erməni diasporu/lobbisi bütün vasitələrlə Azərbaycanın "təcavüzkar” obrazını formalaşdırmaq istiqamətində işləyir:
a) Müharibədən sonra bölgədə yaranmış postmünaqişə reallıqlarını dəyişdirmək, xüsusilə üçtərəfli razılaşmaları arxa plana keçirmək;
b) Azərbaycan Ordusunun sərhədin bərpası istiqamətində irəlilədiyi mövqelərdən geri çəkilməsinə nail olmaq;
c) Avropa strukturlarında Azərbaycana qarşı təzyiq xarakteri daşıyan qərarların qəbul edilməsi ilə rəsmi Bakını sülh müqaviləsini İrəvanın şərtləri ilə imzalamağa, yaxud ən azı mövcud tələblərini yumşaltmağa məcbur etmək.
(Bu görüntülərlə Azərbaycana qarşı azərbaycanlıların da imza atdığı "sülh çağırışı”nın eyni vaxtda yayılması təsadüfi deyil).
Bu hədəflərə nail olmaq üçün Ermənistana, həm də bu ölkənin mövqeyindən çıxış edənlərə əsaslar lazımdır, "güllələnmə səhnəsi” də buna heablanıb.