Ekspert: Bu halda Ordumuz Zəngəzura girəcək
30.09.2022
Ermənistan ordusunun tam komplekt şəkildə olduğu vəziyyətdə başlatdığı təxribatçı əməliyyatlar Ağdamdan Basarkeçərə, Qarakilsəyə və Göyçə istiqamətinə daşınma ilə nəticələndi. Növbəti təxribatların hansı əraziləri əhatə edəcəyini isə Martikyan çox yaxşı ehtimal edir. Səslənən bu bəyanatların analoqunu digər erməni generallarından da eşitmişdik. Onların nəticəsi hamıya məlumdur.
Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Ermənistanın əvvəlki mövqeləri qaytarmaq üçün hücuma hazırlaşması haqda rəsmi bəyanatları barədə danışarkən deyib.
"Görünür, Ermənistan Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan reallıq hissini tamamilə itirib. Fərari erməni ordusunun generalına məsləhətim budur ki, son iki ildə belə bəyanatlara görə Ermənistanın başına gələn fəlakətləri xatırlasın.
Ermənistanın hazırda orta və kiçik miqyasda təxribatlar törətmək imkanı olsa da, əvvəlki mövqeləri qaytarması mümkünsüzdür. Ermənistan ordusunun bunun üçün indi kifayət qədər güc və imkanı yoxdur. Təbii ki, hücumların başlanması mümkündür. Ancaq bunun nəticələrinin Ermənistan üçün ağrılı olacağına da şübhə yoxdur.
Ermənistan əsgərlərinin Qərbi Zəngəzur dərələrində qurda-quşa yem olmasını istəyirsə, onda dediklərini həyata keçirməyə başlasın.
Bir sözlə, Azərbaycana qarşı hücum və təxribat xarakterli fəaliyyət Ermənistana ərazi, şəxsi heyət və texnika itkisindən başqa heç nə qazandırmayacaq”, - Ə.Verdiyev bildirib.