Bu şirkətin təşəbbüsü ilə Zəngilan rayonunda 3000-ə yaxın ağac əkilib - FOTO
29.09.2022
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda 44 günlük Vətən müharibəsinin başlamasının 2-ci ildönümü və vətən torpağını düşməndən qəhrəmancasına təmizləyərkən canlarını fəda etmiş şəhidlərimizin anılması məqsədi ilə 27 Sentyabr 2022-ci il tarixində mərasim baş tutub.
Mərasimdə "Buta Supply” şirkətinin təşəbbüsü ilə 3000-ə yaxın ağac əkilmiş və tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (Asan Xidmət) sədri Ülvi Mehdiyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və "Buta Supply” şirkətinin əməkdaşları iştirak edib.
Ağacəkmə kampaniyasında sərv, zeytun, eldar şamı və digər növ ağaclar olmaqla, ümumilikdə 3000-ə yaxın ağac əkilib.
"Buta Supply” şirkətindən verilən məlumata görə bu kampaniyanın məqsədi 30 il ərzində vandalizmə məruz qalmış torpaqlarımızda ekoloji tarazlığın bərpa edilməsi, azad edilmiş torpaqlarımızda dövlətimiz tərəfindən aparılan yenidənqurma işlərinə dəstəyimizin ifadə edilməsi və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsindən ibarətdir. Şirkət gələcəkdə də bu cür sosial layihələri davamlı şəkildə keçirməyi hədəfləyir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il ölkəmizdə 27 Sentyabr Anım Günü keçirilməsi qərara alınıb. "Buta Supply” şirkəti də Anım Günündə öz sosial məsuliyyət missiyasını yerinə yetirir və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması məqsədi ilə canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qəhrəman qazilərimizə isə can sağlığı arzu edir.