Azərbaycan zeytun yağı ixrac edir
10.10.2018
Mən regional inkişafla bağlı konfransların birində bəzi kənd təsərrüfatı məhsullarının istehsalını, istehlakını sadalayarkən özüm də o arayışı görəndə təəccüb etdim ki, biz xaricdən zeytun idxal edirik. O zeytun ki, bizdə, Abşeron yarımadasında hər tində bitə bilir. Ona görə, çox ciddi göstəriş verildi ki, yeni zeytun bağları salınsın, onların suvarılması təmin edilsin və Azərbaycanda zeytun yağı istehsalı təşkil olunsun.
Prezident İlham Əliyev bu sözləri oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
"Bu günə qədər olan istehsal bizi qane edə bilməzdi”, - deyən dövlətimizin başçısı bu istiqamətdə verilən göstərişlərin yerinə yetirildiyini və son bir neçə ildə yeni zeytun bağlarının salındığını bildirib. "Yüzlərlə, bəlkə də minlərlə hektar sahələrdə yeni zeytun bağları salınır. Bizim istehsalımız artır, zeytun yağı istehsalı artır, ixrac etməyə başlamışıq. Özü də çox keyfiyyətli zeytun yağıdır. Biz zeytunçuluğun inkişafı, zeytun yağının ixracı ilə bağlı dünya miqyasında öz dəyərli yerimizi tuturuq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.