Hikmət Hacıyevlə Armen Qriqoryanın görüşdə müzakirə etdikləri məsələlər açıqlanıb
28.09.2022
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüşdə müzakirə olunan məsələlər açıqlanıb.
"DM”-nın xəbərinə görə, bu barədə H.Hacıyev məlumat verib.
"Biz bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edirik. Görüşün nəticələri haqda Ceyk Sallivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilib. Burada da əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslər haqda məsələlər müzakirə olunub”, - Prezidentin köməkçisi qeyd edib.
Xatırladaq ki, sentyabrın 27-də Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub.