General: “Azərbaycan Ordusu tam şəkildə Türkiyə formatına keçib”
27.09.2022
"Azərbaycan Ordusu tam şəkildə Türkiyə formatına keçib. Həm təhsil, həm proqramlar, həm təchizat, həm ştat strukturu, həm də idarəçilik artıq yeni formadadır”.
Bunu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov deyib.
O bildirib ki, Türkiyə ilə hərbi sahədə təcrübə mübadiləsi bu gün də davam etdirilir: "Bir ildən artıqdır ki, yeni proqramlarla təhsil aparılır. Biz hesab edirik ki, bu təhsil modeli daha güclü və daha effektiv olacaq. Hərbi məktəbdən buraxılan gələcəyin zabitləri həm idarəetmə, həm qərar qəbuletmə qabiliyyətinə görə daha savadlı yetişəcəklər. Digər tərəfdən, ən əsas məsələ vətənpərvərlik hissinin güclü şəkildə aşılanması, torpağa sevgi, Ali Baş Komandana sədaqətli olmaqdır. Türkiyə ilə təcrübə mübadiləsi əsasən bizə təhsilin yeni formaya keçirilməsində kömək olub. Türkiyənin aparıcı hərbi məktəblərində həm müəllimlərimiz, həm hərbçilərimiz təhsil alıblar. Yaxın gələcəkdə Türkiyədən də tələbələr gəlib bizdə təhsil alacaq”.
Füzuli Salahov əlavə edib ki, ali hərbi məktəbə qəbul yerlərinin sayı ildən ilə artırılır: "Ali hərbi məktəbin plan yerini Müdafiə Nazirliyi müəyyənləşdirir. Biz də ona uyğun qəbul aparırıq. Ötən illə müqayisədə plan yerlərinin sayı xeyli artıb. Hesab edirik ki, gələcəkdə daha çox olacaq”.
General-mayor qeyd edib ki, bu gün bizim üçün həm kədərli, həm də qürurlu gündür: "Ona görə qürurluyuq ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı 44 gün ərzində qaytarmışıq. Azərbaycan Ordusu, Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında birləşdi və ermənilərin bütün ordusunu məhv etdik. Bu, Azərbaycanın ən parlaq səhifəsidir. Yüz illər ərzində belə qələbə olmamışdı. Bu şanlı tarix min il sonra da yaşayacaq, xatırlanacaq".