03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İranda tutulan azərbaycanlı fəallar aclığa başlayıblar

27.09.2022

İranın Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində keçirilən etiraz aksiyalarında saxlanılan azərbaycanlı fəallar aclığa başlayıblar.

"DM" xəbər verir ki, məlumatı Günaz TV yayıb.

Bildirilib ki, Rumina Rəhmani, Mubina Rəhmani, Məlihə Güləfşan, Əmirhüseyn Xəlilzadə, Meysəm Zəhmətkeş, Əli Zəhmətkeş sentyabrın 21-də gecə saatlarında İranın İnformasiya və Kəşfiyyat Nazirliyinin (ETTELAAT-ın) məmurları tərəfindən döyülərək tutulublar.

Adları çəkilən şəxslər ETTELAAT-ın təcridxanasında dindirildikdən sonra Azərbaycanın Marağa şəhərindəki təcridxanaya köçürülüblər. Hazırda 6 azərbaycanlı gənc fəal aclıq aksiyası keçirir. Onlar qanunsuz həbs edildiklərini, təzyiq, təqib və təhqirlərə məruz qaldıqlarını söyləyiblər. Aclıq aksiyası bunlara etiraz olaraq keçirilir.

Azərbaycanlı fəalların nədə ittiham olunduğu açıqlanmayıb. Gənclərin ailə üzvləri bildiriblər ki, yaxınlarının həyatlarına təhlükə yaranarsa, buna görə Məlikan şəhərinin prokuroru Mürtəza Fərcampur məsuliyyət daşıyacaq.

Bundan başqa, Azərbaycanın Ərdəbil bölgəsindən olan azərbaycanlı fəallar Əsgər Əkbərzadə, Səid Sadiqifər, Meysəm Colani və Möhsün Möhsünzadənin həbs edilmələrindən bir həftə keçməsinə baxmayaraq, onların harada saxlanıldıqları və vəziyyətlərinin necə olması barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb. Adıçəkilən şəxslərin ailə üzvləri dəfələrlə Ərdəbil prokurorluğu və başqa əlaqədar qurumlara müraciət etdiklərini, ancaq heç bir cavab ala bilmədiklərini bildiriblər.

Qeyd edək ki, sentyabrın 13-də İranın paytaxtı Tehranda hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən qətlə yetirilib. Hadisə ölkədə geniş etiraz aksiyalarına səbəb olub. Təhlükəsizlik qüvvələri aksiyaları dağıtmaq üçün güc tətbiq edir. Nəticədə azı 41 nəfər öldürülüb.

İranın dini-ideoloji mərkəzi yerləşən Qum şəhərində 3 müctəhid – ayətullah Əsədullah Bayat Zəncani, ayətullah Hüseyn Nuri Həmədani, ayətullah Mustafa Mühəqqiq Damad etiraz aksiyası keçirən şəxsləri dəstəkləyiblər. Bu nüfuzlu din xadimləri yaydıqları bəyanatda İran hakimiyyətindən xalqın tələblərini dinləyib problemlərini həll etməyi tələb ediblər.