Azərbaycan jurnalistlərinin Laçına səfəri başlayıb
22.09.2022
Bu gün Azərbaycanın kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Laçın rayonuna səfəri başlayıb.
"DM" xəbər verir ki, mediatur iştirakçıları ilk öncə Prezident İlham Əliyevin ötən gün baş çəkdiyi və inşası ilə maraqlandığı Laçın Beynəlxalq Hava Limanının iki hissədən ibarət giriş tunelində olublar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Qarabağdakı layihələr üzrə mühəndisi Əyyub Hüseynov bildirib ki, uzunluğu 2,4 km olacaq tunelin 350-400 metrlik hissəsi artıq hazırdır.
"Tunel 2 hissədən - iki gediş və iki gəliş yolundan ibarətdir. Hər bir tunelin hündürlüyü 8 metr, nəqliyyat vasitələrinin hərəkəti üçün icazə verilən hündürlüyü isə 5,5 metrdir. Tunellərin eni 12 metr olsa da, burada hərəkət hissəsi 8 metrdir. Tunellər bir birindən 18 metr məsafədə yerləşir", - deyə o, qeyd edib.
AAYDA rəsmisi onu da bildirib ki, Kəlbəcər-Laçın avtomobil yolu üzərində ümumilikdə 12 tunel, 26 körpü olacaq ki, bu da mövcud 109 km-lik yolun 33 km qısalaraq 76,3 km-ə düşməsinə imkan verəcək.
"Hazırda gördüyünüz tunel isə yolun 32-ci km-də yerləşir və sayca 7-ci tuneldir", - deyə Ə.Hüseynov əlavə edib.