Sentyabrın 22-də Bakıda "Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”nin açılış mərasimi keçirilib. Tədbir hər iki ölkənin səhiyyə nazirliklərinin dəstəyi ilə təşkil olunub.
Açılış mərasimində çıxış edən səhiyyə naziri Teymur Musayev Türkiyə Respublikası ilə münasibətlərin Azərbaycan Hökuməti üçün hər zaman xüsusi xarakter daşıdığını qeyd edib. O, öz nitqində vurğulayıb ki, ilk dəfə təşkil olunan "Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi” qardaş ölkələr arasındakı münasibətlərin inkişafına ən yüksək səviyyədə verilən dövlət dəstəyinin növbəti təzahürüdür:
"Bu gün ölkələrimizin səhiyyə qurumları, tibb ictimaiyyəti üçün əlamətdar bir gündür. Azərbaycan və Türkiyə dövlət başçılarının himayəsi altında ölkələrimiz arasında hər sahədə inkişaf edən münasibətlər səhiyyə sektoruna da öz müsbət təsirini göstərməkdədir”.
Onun sözlərinə görə, "YAŞAT” Fondu vasitəsilə Vətən müharibəsindən ötən müddətdə 200-ə yaxın həmvətənimiz müalicə üçün Türkiyəyə göndərilib. Nazir həmçinin qeyd edib ki, bu gün Azərbaycan Tibb Universiteti Türkiyənin 20-ə yaxın universiteti ilə əməkdaşlıq edir:
"Tibb təhsili sahəsində qarşılıqlı əməkdaşlığımızın bir göstəricisi də odur ki, hazırda 700-dən çox Türkiyə vətəndaşı Azərbaycan Tibb Universitetində ali tibbi təhsil alır”.
Teymur Musayev səhiyyə biznes forumu və sərgisinin Türkiyə biznes subyektlərinin Azərbaycanın səhiyyə sektoruna artan investisiya maraqlarına xidmət edəcəyinə ümidvar olduğunu bildirib. "Forumun ölkələrimiz arasında əczaçılıq və tibbi avadanlıqlar sahəsində mövcud əlaqələrinin inkişafında əhəmiyyətini yüksək qiymətləndiririk. Əməkdaşlığımızın bundan sonra da yüksələn xətlə davam edəcəyinə və forumun investorlar üçün yeni imkanlar yaradacağına inanırıq. Səhiyyə sektorunda bu kimi qarşılıqlı fəaliyyətlər vətəndaşlarımızın səhiyyə sistemindən məmnunluğunun artırılmasına, əhalinin sağlamlığının yaxşılaşdırılmasına, həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəkdir”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.
Öz çıxışında Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilk olaraq Ermənistanın təxribatları nəticəsində şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib:
"Ötən həftə Ermənistanın hücumları nəticəsində şəhid olan əsgərlərimizə Allahdan rəhmət, ailələrinə və türk millətinə səbir arzulayıram”.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və qardaş türk xalqının salamlarını tədbir iştirakçılarına bildirib. 28 illik əsarətin Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə sona çatmasını xüsusi qeyd edən türkiyəli nazir 1918-cu ilin sentyabrın 15-də Nuru Paşanın rəhbərliyi ilə azad edilən və türk dünyasının qədim şəhəri olan Bakıda olmaqdan məmnun olduğunu söyləyib:
"104-cü qurtuluş ildönümünü qeyd etdiyimiz can Azərbaycanın paytaxtında olmaq bizim üçün böyük qürurdur”.
Fahrettin Koca vurğulayıb ki, Türkiyə və Azərbaycan dövlətləri iki önəmli güc mərkəzidir:
"Bu işbirliyinin sadəcə sözdə deyil, fəaliyyətdə də nə qədər gerçək olduğunu son günlərdə yaşadığımız hadisələrlə də bir daha sübut etdik. Hər sahədə olduğu kimi, tibb sahəsində də əlaqələr yüksələn xətlə davam edir. Bu sahədə görüləcək işlərimiz hələ çoxdur.
Türkiyənin səhiyyə sahəsində birgə biznes forumunun keçirilməsində zəngin təcrübəsi var. Forumda təmsil olunan ölkələrin özəl tibb şirkətləri, həmçinin səhiyyədə maliyyə mexanizminin təkmilləşdirilməsi və investisiya imkanları müzakirə olunur”, - deyə Türkiyənin səhiyyə naziri fikrini tamamlayıb.
Daha sonra Teymur Musayev və Fahrettin Koca sərginin stendləri ilə tanış olub, sərgidə iştirak edən şirkətlərin nümayəndələri ilə əldə etdikləri nailiyyətlər və gələcək inkişaf proqramları barədə söhbət ediblər.
Sonda Türkiyə və Azərbaycanın səhiyyə nazirləri KİV nümayəndələrinin suallarını cavablandırıblar.
Səhiyyə biznes forumu və sərgisi öz işini panel sessiyalarla davam etdirib. Mövzu və dinlənilən məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, "Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi” iki gün davam edəcək.
"DM” xəbər verir ki, tədbirdə səhiyyə naziri Teymur Musayev, Azərbaycanda səfərdə olan Türkiyənin səhiyyə naziri Fahrettin Koca və digər rəsmi nümayəndələr iştirak edirlər.
Mərasimdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan-Türkiyə səhiyyə biznes forumu başlayıb.
Qeyd edək ki, tədbirdən sonra Azərbaycan Səhiyyə Nazirliyində görüş, həmçinin Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinə ziyarət nəzərdə tutulub.