Rusiya əsirliyindən geri qaytarılanlar arasında əslən azərbaycanlı da var - FOTO
22.09.2022
Sentyabrın 21-də Ukrayna 124-ü zabit və 10-u əcnəbi olmaqla 215 nəfəri Rusiya əsirliyindən geri qaytarıb. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, əslən azərbaycanlı olan 1999-cu il təvəllüdlü Babayev Rüstəm Arif oğlu da var.
Bu barədə Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahının paylaşdığı siyahıdan aydın olur.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əvvəllər əldə edilmiş razılaşmalara əsasən, onun şəxsi mühafizə zəmanəti ilə Türkiyədə olan beş "Azov” komandiri istisna olmaqla, azad edilənlərin, demək olar ki, hamısı artıq Ukrayna ərazisindədir.
Əsir mübadiləsi əməliyyatına Ukrayna Prezidenti Volodimir Zelenski də münasibət bildirib. O, bu əməliyyatın uzun müddət və diqqətlə hazırlandığını qeyd edərək, Türkiyə prezidentinə, eləcə də Ukrayna tərəfdən bu məsələ ilə məşğul olan hər kəsə təşəkkürünü bildirib. Dövlət başçısının sözlərinə görə, bir çox əsirlər ölümə məhkum olunmuşdu, bu səbəbdən də azadlığa çıxmaq onların həyatını xilas edib.
Mənbə: Delo.ua