Gürcüstanda bankda 12 nəfəri girov götürən şəxs tələblərini açıqlayıb - FOTO/VİDEO
20.09.2022
Gürcüstanın Kutaisi şəhərində banka hücum edərək oradakıları girov götürən şəxs iki milyon dollar tələb edib.
Sosial şəbəkələrdə yayılan videoda qarətçi girovdan xahiş edir ki, onun tələbini səsləndirsin.
Girov öncə: "Üç saat ərzində iki milyon dollar gətirilsin”, - deyir. Sonra isə qarətçiyə xitabən: "Qardaş, öz tələblərini özün de”, - söyləyir.
Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, "Gürcüstan Bankı”nda hazırda 12 nəfər girov saxlanılır.
Həmçinin o da bildirilir ki, qarətçi bankın giriş qapılarını minalayıb, iki qadını isə girovluqdan azad edib.
Binanı polislər mühasirəyə alıblar.
DİN Kutaisidə bankda insanların girov götürülməsini terror aktı kimi dəyərləndirib.
Mənbə: Gazeta.ru, Sputnik Gürcüstan