Türkiyənin “F-16” məsələsi: “Başımızın çarəsinə baxacağıq”
20.09.2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-ABŞ əlaqələrinin müdafiə sənayesində arzuolunan səviyyədə olmadığını bildirib.
Bu barədə o, ABŞ-ın PBS telekanalına müsahibəsində bildirib:
"Müdafiə sənayesini yaxşı istiqamətə yönəltməliyik. Məsələn, bizim "F-16” məsələmiz var. Sizdən "F-16” almışıq. Amma burada siyasi yanaşmaya qərar verərək "F-16” mövzusunda Türkiyəyə hələ də sanksiyalar tətbiq etmək iki dost ölkə üçün çox yanlış addımdır.
Axırıncı dəfə cənab Bayden bunu həll edəcəyinə söz verdi. Bilirəm ki, Bayden hazırda buna müsbət baxır. Hətta respublikaçılarla da danışıqlarımız olub, onlar da müsbət baxacaqlarını bildiriblər. İndi "F-16” məsələsində ABŞ-dan istədiyimiz nəticəni ala bilməsək, nə edəcəyik? Başımızın çarəsinə baxacağıq.
Siz durub Yunanıstana "F-16” ilə əlaqədar hər cür dəstəyi verəcəksiniz, orada bazalar quracaqsınız, amma bu dəstəyi NATO-da ilk beşlikdə olan, NATO-ya hər cür dəstəyi verən bir ölkəyə verməyəcəksiniz?
Belə olan halda Türkiyənin işi öz qayğısına qalmaqdır. Əks halda bizim ABŞ-la heç bir problemimiz yoxdur”.