Düşənbə və Bişkek münaqişə zonasında yolların açılmasına qərar verilib
19.09.2022
Tacikistan və Qırğızıstan arasında sərhəddə münaqişənin nəticələrinin aradan qaldırılması ilə bağlı danışıqlar aparılıb.
Danışıqlar nəticəsində Tacikistanın Vorux icmasına gedən yolun açılması barədə razılığa gəlinib.
Bu barədə Tacikistanın Soqd vilayəti başçısının mətbuat xidmətindən məlumat verilib.
Müvafiq açıqlama sərhəddə atəşkəs rejiminə riayət olunmasına dair birgə komissiyanın işçi qrupları ilə görüşdən sonra verilib.
"Tacikistan və Qırğızıstan işçi qrupları hərəkət üçün yolların açılması və nəqliyyatın hərəkətinin təmin olunması barədə razılığa gəliblər. Həmin gün Vorux kəndinə gedən yol açılıb”, - deyə məlumatda qeyd edilir.
Həmçinin vurğulanıb ki, görüşdə tərəflər bir daha mövcud məsələlərin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd ediblər. Eyni zamanda sərhəd münaqişələrinin nəticələrinin tezliklə aradan qaldırılmasının zəruriliyini ifadə ediblər.
Mənbə: TASS