AZAL-ın təyyarəsi Şərqi Zəngəzurda ilk hava limanına texniki eniş icra edib - FOTO
09.09.2022
Sentyabrın 9-da "Azərbaycan Hava Yolları”nın ən böyük sərnişin təyyarəsi "Airbus A340-500” ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirib və Şərqi Zəngəzurun ilk hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib.
Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, sərnişin təyyarəsində Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təqribən 45 dəqiqə təşkil edib.
"Uzunillik işğaldan azad olunmuş Azərbaycan ərazisində beynəlxalq hava limanlarının tikintisi və fəaliyyəti ölkə Prezidenti İlham Əliyevin qərarı və tapşırığı sayəsində mümkün olub. Dövlət başçısının yaxın günlərdəki bəyanatına əsasən, işğaldan azad edilmiş ərazilərdə artıq ilk beynəlxalq hava limanı fəaliyyət göstərir, tezliklə açılışı nəzərdə tutulan ikinci beynəlxalq hava limanının uçuş-enmə zolağı istifadəyə verilib. Əlverişli coğrafi mövqeyi nəzərə alaraq Zəngilan hava limanı çoxfunksiyalı hava limanı olaraq, regionun iqtisadi, nəqliyyat və sosial məsələlərinin həlli üçün mühüm alət olacaq. Ölkənin digər beynəlxalq hava limanları kimi, müasir tipli böyük təyyarələri qəbul edə bilən bu hava limanı da bütün yüksək dünya standartlarına və tələblərinə cavab verir”, - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
Zəngilandakı yeni hava limanı üçün ICAO və IATA-nın beynəlxalq kodları (müvafiq olaraq UBBZ və ZZE), həmçinin EUROCONTROL təşkilatının naviqasiya vasitələrinin bütün çağırış siqnalları təyin edilib.
Qeyd etməliyik ki, Zəngilan hava limanında uçuş-enmə zolağının uzunluğu və eni müvafiq olaraq 3000 metr və 60 metrdir. Aerodrom ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki sistemlər, birincili və ikincili müşahidə radiolokasiya stansiyası ilə tam təchiz edilib.
Perronun sahəsi 60 min kvadratmetrdir.
Zəngilan hava limanı texniki cəhətdən tam komplektləşdirilib və bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilib, hava hərəkətini avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən HHİ qülləsinin tikintisi başa çatdırılıb.
Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa olunmuş ikinci hava limanıdır