Polşalı din xadimləri Bakıda erməni kilsəsini ziyarət ediblər
08.09.2022
Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycandakı dini həmrəylik, tolerantlıq mühiti, xristian, eləcə də alban dini məbədləri, polyak mirası və icması ilə tanışlıq məqsədilə 7-14 sentyabr tarixlərində ölkəmizdə səfərdədir.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, səfər Dövlət Komitəsinin, Azərbaycanın Polşa Respublikasındakı Səfirliyi və "Həyat sözü” Xristian dini icmasının birgə təşkilatçılığı ilə baş tutub.
Nümayəndə heyəti sentyabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində olub. Qonaqlar AMEA Rəyasət Heyətinin inzibati binası ilə tanış olduqdan sonra Azərbaycan-Polşa münasibətlərini, elmi əlaqələrini araşdıran alimlərlə görüşüblər
Daha sonra nümayəndə heyəti Bakıda yerləşən "Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” katolik kilsəsini ziyarət edib, ibadət zalı və inzibati bina ilə tanış olublar. Qonaqlara ölkəmizdə katolikliyin tarixi və fəaliyyəti haqqında geniş məlumat verilib, dövlətin icmaya göstərdiyi qayğıdan bəhs edilib.
Sentyabrın 8-də Bakıdakı Müqəddəs Qriqori (erməni) kilsəsində olan qonaqlar məbədin tarixi, onun qorunub saxlanılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər barədə məlumatlandırılıblar. Bildirilib ki, Azərbaycanda tolerantlıq ənənəsinin əsası hələ qədim dövrlərdən qoyulub. Azərbaycan tarixin ilkin dönəmlərindən başlayaraq hər zaman başqa xalqlara və dinlərə sayğı ilə yanaşıb. Bu münasibət müasir zamanda da nəinki dəyişməyib, əksinə, daha da dərinləşib.
Qeyd edək ki, Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Varşava Oçota rayonunun pastoru Przemislav Çvek, Varşava Baş Yeparxiyasının Uşaq və Gənclərin Müdafiəsi üzrə Yepiskop Nümayəndəsinin müavini Mixal Turkovski və başqaları daxildir.