Azərbaycan Moldovadan buğda tədarükü ilə bağlı razılığa gəlib
08.09.2022
Azərbaycanın Dövlət Ehtiyatları Agentliyi Moldovadan 100 min ton ərzaq buğdasının tədarükü üçün müraciət edib.
"DM”-nın Moldova mətbuatına istinadən verdiyi məlumata görə, bunu Moldova "Agrocereale” Kənd Təsərrüfatı Məhsulları və Taxıl İxracatçıları və İstehsalçıları Assosiasiyasının prezidenti İqor Qriqoryev Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov ilə görüşündə deyib.
İ.Qriqoryev bildirib ki, bu ilin oktyabr ayından 2023-cü ilin fevralına qədər bərabər partiyalarda - ayda 20 min ton müəyyən olunmuş həcmdə taxılın tədarükü planlaşdırılır.
"Hesab edirəm ki, bu, bizim istehsalçılar üçün sövdələşmədə iştirak etmək üçün yaxşı fürsətdir və ilk addım Moldova Material Ehtiyatları Agentliyi tərəfindən dövlət ehtiyatında olan ərzaq buğdasının həcminin artırılması üçün elan edilmiş hərrac olacaq”, - deyə o bildirib. Assosiasiya rəhbəri moldovalı fermerləri hərraca qatılmaq üçün sentyabrın 12-nə qədər qeydiyyatdan keçməyə çağırıb.
O, həmçinin əlavə edib ki, Azərbaycan da öz növbəsində Moldovaya gübrə tədarükü imkanlarını nəzərdən keçirməyə hazırdır.