Əsabil Qasımovun tikdirdiyi yaşayış binası sökülür - Foto
07.09.2022
Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binası qanunsuz olduğuna görə sökülür.
"DM" Report-a istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 998-cı məhəllə (Nəsimi rayonu, Abbas Səhhət küçəsi 13k) ünvanında yerləşən, 19 mərtəbəli "Altes Park” yaşayış kompleksinin yanında qeydə alınıb.
Hazırda əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlib və tikilmiş iki mərtəbənin söküntüsünə başlanılıb.
Sosial şəbəkələrdə yayılan iddialara görə, tikili sabiq deputat Əsabil Qasımova məxsusdur.
***
Vətəndaşların şikayəti əsasında iki hündürmərtəbəli binanın yaxınlığında aparılan tikintiyə baxış keçirilib və qanunsuz tikinti aşkarlanaraq söküntü qərarı verilib. Hazırda söküntü işləri gedir.
Bunu Fövqaladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Faiq Sadıqov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, göstəriş və qərarlara əməl edilmədən tikinti işləri aparıldığı üçün söküntü həyata keçirilir:
"Söküntü Nəsimi Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə həyata keçirilir. Torpağın kupçasını və ya hər hansı bir şəhadətnaməsinin olmasına baxmayaraq, razılaşdırılmış tikinti qanunlarına uyğun həyata keçirilməlidir. Tikintinin birinci mərtəbəsində tikinti layihədən kənar həyata keçirilib. Ona görə də söküntü işlərinin aparılmasına qərar verilib”.