Moldova Azərbaycanla uzunmüddətli qaz tədarükünə dair saziş imzalamaq istəyir
07.09.2022
"Hökumət fövqəladə hallara hazırlaşır. Hazırda biz Rumıniya və Azərbaycanla qaz tədarükünə dair uzunmüddətli müqavilə bağlamaq üçün danışıqlar aparırıq”.
"DM” xəbər verir ki, bunu Moldovanın baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu deyib.
Spinunun sözlərinə görə, Moldova Avropa Elektrik Ötürücü Operatorlar Şəbəkəsinə (Entso-E) qoşulub. Bu, Rumıniyada və ya digər Aİ ölkələrində çox yüksək qiymətlərlə alış da daxil olmaqla, daha çox seçim imkanı verəcək.
Moldovanın qaz ehtiyatları 35 milyon kubmetr təşkil edir, qışda bu həcm 10 günə qədər davam edəcək. Bununla belə, Spinu bu müddətin səlahiyyətlilərin başqa mənbələrdən qaz axtarması üçün kifayət qədər uzun olduğunu da təsdiqləyir.
Azərbaycanın təbii qazının Cənub Qaz Dəhlizi ilə Avropaya tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Azərbaycan tarixdə ilk dəfə olaraq öz təbii qazını boru kəməri ilə Avropa bazarına ixrac edib.
Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin bir hissəsidir və hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstana isə 1 milyard kubmetr qaz tədarük ediləcək.