“Tərtər işi” ilə bağlı indiyədək 405 zərərçəkmiş şəxs müəyyən edilib - RƏSMİ
05.09.2022
"Tərtər işi” ilə bağlı indiyədək 405 zərərçəkmiş şəxs müəyyən edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 288 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hazıradək ümumilikdə 405 zərərçəkmiş şəxs müəyyən edilib.
Bildirilib ki, iş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi, eləcə də cinayət təqibi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində tədbirlər davam etdirilir.