"Azərsu": Sentyabrın 10-na kimi Laçında bütün obyektlər su ilə təmin ediləcək
01.09.2022
Sentyabrın 10-na kimi Laçında bütün obyektləri su ilə təmin etməyə çalışacağıq.
Bunu Laçında "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, "Azərsu” Laçın rayonunun işğaldan azal edilmiş kəndlərində 2021-ci ildən işlərə başlayıb. 2021-ci il və bu ilin ötən dövrü ərzində "Azərsu” müxtəlif diametrli borularla 13 kilometrdən çox su xətti çəkib. Laçın şəhəri istisna olmaqla, bütün hərbi və mülki obyetlər su ilə təmin edilib. Hazırda əsas hədəf, Laçın şəhərinin su ilə təmin edilməsidir: "Hazırda Laçında su şəbəkəsini təftiş edirik. Burada anbarlar var, amma istifadə olunmayıb və torpaqla doldurulub. Belə şəraitdə təxirə salınmaz tədbirlər çərçivəsində çalışırıq ki, yeni xəttlərlə məskunlaşma olan obyektərə su verilişini təmin edək. Burada su şəbəkəsi araşdırılmalıdır, bəlkə də Sovet dövründə çəkilmiş xəttlərdir və istismara yararsızdır”.
A.Cəbrayıllı əlavə edib ki, hazırda Laçın şəhərinə ehtiyat hissələri, borular, lazım olan mal-material və xüsusi avadanlıqlar gətirilib, mütəxəssislər çalışır. "İlkin olaraq yeni yerüstü su şəbəkəsinin yaradılmasına başlayacağıq ki, həmin obyektlərə şəbəkə vasitəsilə maşınlarla su daşıy bilək. Yəni, əsas məqsəd odur ki, burada xidmət aparan şəxsi heyətin, eyni zamanda mülki şəxslərin su təminatı həll olunsun. Digər ərazilərdə olduğu kimi Laçında da fundamental işlərə başlayacağıq”.