21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Brüssel görüşünün uğurları hansılardır?

01.09.2022

Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirildi.

"DM" xəbər verir ki, bu, tərəflər arasında növbəti üçtərəfli görüş idi. Əvvəlki müzakirələr nəticəsində də ciddi nəticələr əldə olunmuşdu. Yekun sülh müqaviləsi istiqamətində görülən işlər Azərbaycanın diplomatik uğurunun növbəti təzahürü olmaqla yanaşı, Aİ-nin və şəxsən Şarl Mişelin vasitəçiliyinin nəticəsidir.

Ermənistanın müqavimətinə və Brüssel görüşündə real nəticələrin əldə olunmasına maneçilik törətmək cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticələr əldə etdi. Belə ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin xətti ilə bir ay ərzində sülh razılaşmasının mətni üzərində iş aparılması üçün işçi qrupların yaradılması razılaşdırıldı.

Beləliklə, Ermənistan tərəfinin müqavimətinə rəğmən, əldə olunan nəticələr ortadadır. Azərbaycanın uğurlu və dönməz xarici siyasəti, Aİ-nin vasitəçiliyi bu nəticələrin təməlidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev görüşdən sonra sosial şəbəkə hesabında Aİ-nin vasitəçilik səylərini yüksək qiymətləndirən paylaşım etdi: "Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası normallaşmaya kömək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib”. Qeyd etdiyimiz kimi, bu qiymət təsadüfi deyil. Çünki artıq olmayan, belə demək mümkünsə, sabiq Minsk qrupunun otuz il ərzində əldə edə bilmədiyi nəticələrə Aİ qısa müddətdə nail olmağı bacardı. Şübhəsiz, bu, həm də Aİ-nin Azərbaycana verilən dəyər, ölkəmizin geosiyasi rolu ilə bağlıdır.

Müzakirə edilən sülh müqaviləsi Azərbaycan tərəfindən irəli sürülən və Ermənistanın qəbul etdiyi beş prinsip üzərində qurulur. Yeri gəlmişkən, vurğulamaq lazımdır ki, Belçika görüşündəki yeni sənəddə Qarabağ mövzusu, ATƏT-in Minsk qrupu barədə heç nə yoxdur.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Avropa İttifaqının vasitəçiliyi var, burada Qarabağ mövzusu yoxdur, çünki bu məsələ Azərbaycanın daxili işi hesab olunur. Bunlar Aİ-nin rəsmi Bakının maraqlarına nə qədər önəm verdiyinin göstəricisidir.

Ş.Mişel üçtərəfli görüşdən sonra bildirib ki, sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamlar nəzərdən keçirildi. Ümumiyyətlə, Avropa İttifaqı yekun sülh müqaviləsinin imzalanmasında, beləliklə, regionda sabitliyin təmin olunmasında maraqlıdır. Və bu məsələdə Azərbaycanın irəli sürdüyü beş bəndlik sülh təklifinin əsas götürülməsi xüsusi vurğulanmalıdır. Bu, bir daha göstərir ki, Aİ üçün Bakı vacib tərəfdaşdır.