Adı arzuolunmaz şəxslər siyahısından ÇIXARILIB
04.10.2018
Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı İbrahim Ahmed Mohammed Abdalla Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Nazirliyin mətbuat xidmətindən Azərtaca bildirilib ki, İbrahim Ahmed Mohammed Abdalla məktubunda 2017-ci ildə Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.
İbrahim Ahmed Mohammed Abdalla Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmət etdiyini bildirərək sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.
Səfərlə əlaqədar təəssüfünü ifadə edərək İbrahim Ahmed Mohammed Abdalla Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda bu bölgədə yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib.
Həmçinin o, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb. Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.
Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.