Oqtay: Türkiyə Kremlə “yox” deyə bilən ölkədir
26.08.2022
Başda ABŞ olmaqla, Qərb Ukraynanı silahlandırır, Türkiyə isə sülhə nail olmaq istiqamətində əlindən gələni edir.
Bu barədə Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin direktoru, professor Həsən Oqtay bildirib.
O bildirib ki, çərşənbə günü ABŞ-ın Kiyevə 3 milyard dollar dəyərində olan ən böyük hərbi yardım paketi elan etməsi ilə Bayden dövründə Vaşinqtonun Ukraynaya ayırdığı hərbi dəstəyin ümumi həcmi 13,5 milyard dollara çatıb:
"Türkiyə Ukrayna və Rusiya ilə Qara dənizdə qonşudur. Ankaraya bu iki ölkə arasında müharibə daha çox mənfi təsir edir. Bu gün Türkiyə üçün Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması vacibdir. Avropa, ABŞ və ilk növbədə, NATO Ukraynanı açıq şəkildə dəstəkləyir. Türkiyə Şimali Atlantika Alyansının ölkəsi olmasına baxmayaraq, bu məsələdə bitərəf olduğunu açıq şəkildə nümayiş etdirdi. Buna görə Ankara tez-tez NATO və ABŞ tərəfindən tənqid olunur. Türkiyənin NATO üzvü olmasına baxmayaraq, NATO-ya "yox" deyə bilən yeganə ölkədir. Bundan başqa, Rusiya ilə çox yaxşı münasibətlərə baxmayaraq, yeri gələndə o, Rusiyaya da "yox” deyə bilir”, - deyə o bildirib.
Onun sözlərinə görə, Türkiyə müstəqil qərarlar qəbul etməyə və regiondakı hadisələri öz maraqları kontekstində qiymətləndirməyə qadir ölkədir:
"ABŞ və Avropanın Ukraynaya hərbi yardımı Türkiyənin sülh təşəbbüslərinə mane olmayacaq. Gec-tez Rusiya ilə Ukrayna arasında sülh bərqərar olacaq. Buna Türkiyə nail olacaq”.