Zabux sakini: "Ailəmlə birlikdə ora köçəcəyəm"
26.08.2022
"Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin sərkərdəliyi ilə artıq torpaqlarımız işğaldan azad olunub və azərbaycanlılar öz yurdlarına qayıdır".
Bu sözləri Laçın rayonunun Zabux kənd sakini Telman Əşrəfov deyib.
O, bu gün uzun illərin həsrətinə artıq son qoyulduğunu və bir zamanlar sadəcə arzu olanların artıq həyata keçdiyini vurğulayıb. Zabux sakini bütün bunlara görə Prezident İlham Əliyevə öz təşəkkürünü çatdırıb.
Bu günlərdə Laçın rayonunda səfərdə olduğunu xatırladan Zabux sakini uzaqdan doğma kəndini görüncə ürəyinin dağa döndüyünü vurğulayıb:
"Açığı deyim ki, gözlərim görsə də, Laçına gəldiyimə inana bilmirdim. Bir zamanlar yuxularımızda əlçatmaz bir yerlərə çevrilən, yerlilərimin qibləgahı olan rayonumuz, şəhərimiz, kəndimiz artıq azaddır. Artıq biz laçınlılar öz doğma yurd-yuvamıza qayıtmışıq. Oradakı dağıdılmış evləri görəndə nə qədər qəhərlənsəm də, Laçına qovuşduğuma görə bir o qədər, bəlkə də daha artıq sevincli idim".
Doğma Zabux kəndinə sevə-sevə köçməyə hazır olduğunu deyən T.Əşrəfov bu köçün tezliklə başlanmasını arzuladığını qeyd edib:
"Bu gün Laçın şəhərinin, Zabux və Sus kəndlərinin ordumuzun nəzarətinə keçdiyini eşitdim. Bu müjdəni bizə verdiyinə görə, cənab Prezidentimizə sonsuz təşəkkürlərimi bildirirəm. Əlbəttə, Laçına qayıtmaq istəyirəm. Axı ora mənim evim, torpağım, yurdum-yuvamdır. Hətta o torpaqda ölməyə də dəyər. Dediyim kimi, imkan olan zaman ailəmlə birlikdə Zabuxa köçəcəm".
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.