03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yol Polisindən velosiped sürənlərə - XƏBƏRDARLIQ

03.10.2018

Baş Dövlət Yol Polisi İdarəsi velosiped və motosiklet sürücülərinə müraciət edərək, müvafiq tövsiyələr verib.
"Dövran Media" xəbər verir ki, İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev modern.az-a açıqlamasında bildirib ki, bu tip nəqliyyat vasitələrinin sürücüləri yalnız yolun sağ hissəsi ilə hərəkət etməli, yol hərəkəti qaydalarına laqeyd yanaşmamalıdırlar:
"Ciddi şəkildə, işıqforun qaydalarına, yol hərəkəti nişanlarının tələblərinə riayət olunması sürücülərdən xaiş olunur. Eyni zamanda, sutkanın qaranlıq vaxtında hərəkətdə olarkən, işıq qaytarıcı paltarlar geyinilməlidir. Bu xüsusilə, velosiped sürücüləri üçün vacibdir. Sürücülər sükanı saxlamalı, təhlükəsizlik dəbilqəsindən istifadə etməlidirlər. Əks halda inzibati məsuliyyətə cəlb olunacaqlar.
Yola çıxarkən velosipedlər saz olmalı, onu idarə etməyə mane olan yük və sərnişin daşınmamalıdır. Bu il ərzində hər zaman olduğu kimi, motosiklet və velosiped istifadəçiləri tərəfindən qayda pozuntusu qeydə alınıb. Vizual olaraq, qayda pozuntuları yol polislərimiz tərəfindən aşkarlanıb, müvafiq tədbirlər görülüb. Həmçinin, xüsusi  texnika vasitəsilə də, qeydiyyat nişanı olan motosikletlərin qayda pozuntuları müəyyən edilir, elektron protokol hazırlanır. Qayda pozuntularına yol verən velosiped və motosiklet sürücüləri inzibati məsuliyyətə cəlb olunublar".
Son illər paytaxtda sıx istifadə edilən motosiklet və velosipedlərə hansı yol hərəkəti qaydalarının tətbiq edildiyi barədə isə Modern.az-a nəqliyyat eksperti Ərşad Hüseynov danışıb. O diqqətə çatdırıb ki, motosikletlər üçün yol hərəkət qaydaları, demək olar, avtomobillərə tətbiq olunan qaydalarla eynilik təşkil edir:
"Sadəcə cüzi fərqlər nəzərdə tutulub. Məsələn, motosikletlər iki təkərli və üçtəkərli ola bilir. Onları idarə etmək üçün avtomobil idarəsindən fərqli sürücü kateqoriyası tələb olunur.
Velosipedlər üçün nəzərdə tutulan yol hərəkəti qaydaları isə müvafiq qanun və sənədlərdə aydın göstərilib. Sürücü, ümumi istifadə olunan yola velosipedlə çıxırsa, ən önəmlisi velosipedin texniki təchizatına, sazlığına diqqət etməlidir. Velosipedin sükanı düz, əyləci, təkərləri qaydasında olmalıdır. Həmçinin, işıq sistemi işləməli, gecə vaxtı istifadə edilirsə, işıqqaytarıcı vasitələri, geyimləri olmalıdır".
Ə. Hüseynov bildirib ki, velosipedlər avtomobillər kimi yolun istənilən hissəsi ilə hərəkət etməməlidir. O bildirib ki, yalnız sağ zolağın sağ tərəfi ilə hərəkət etmək olar:
"Bu velosiped sürücülərinin ən çox pozduğu qaydalardandır. Çoxzolaqlı yolda geriyə dönmək, getdiyi yolun bir tərəfindən digərinə keçmək olmaz. Bu məqamda yalnız işıqforun tələbinə uyğun hərəkət etmək mümkündür. Məsələn, Bakı-Şamaxı yolu kimi dördzolaqlı yolda velosipedçi geriyə dönmək üçün velosipeddən düşməli, nəqliyyat vasitəsini yolun müvafiq hissəsinə keçirməli, yenidən hərəkətə davam etməlidir. Çünki belə yollarda velosiped sürücüsü geriyə dönsə, digər avtomobil sürətlə gələrək, onu vura bilər.
Yekun olaraq, bütün nəqliyyat vasitələri sürücülərindən, o cümlədən, velosiped və motosiklet istifadəçilərindən tələb olunan ən vacib məsələ, yol nişanlarına, işıqforun qaydalarına riayət etməkdir".