Zelenski: "Torpağımız üçün sonuna qədər savaşacağıq"
24.08.2022
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Rusiyanın işğalına qarşı sona qədər mübarizə aparacağını və heç bir güzəştə getməyəcəyinə bəyan edib.
"DM" xəbər verir ki, bu barədə Prezident Zelenski Ukraynanın Müstəqillik Günü ilə bağlı videomüraciətində deyib.
"Sizin necə bir orduya sahib olmanızı önəmsəmirik, bizi yalnız öz torpağımız maraqlandırır. Biz bunun üçün sonuna qədər savaşacağıq”, – Zelenski videomüraciətində bildirib.
"Altı aydır ki, güclü dayanmışıq. Çətindir, amma biz yumruqlarımızı sıxmışıq və taleyimiz üçün mübarizə aparırıq. Hər yeni gün təslim olmamaq üçün bir səbəbdir. Bu qədər uzun yoldan sonra sona qədər getməməyə haqqımız yoxdur", Ukrayna lideri vurğulayıb.
O, Rusiyaya istinad edərək əlavə edib: "Biz terrorçularla anlaşmaya çalışmayacağıq. Bizim üçün Ukrayna bütöv Ukraynadır. Bütün 25 bölgə, heç bir güzəşt və ya kompromis olmadan", Prezident Zelenski bildirib.