Qurban Qurbanov Mxitaryandan danışdı
03.10.2018
UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qarabağ” İngiltərənin "Arsenal" klubunu qəbul edəcək.
"Dövran Media" xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və futbolçu Maksim Medvedev çıxış edib.
Qurban Qurbanov oyun haqda bunları bildirib:
"Dünyanın ən güclü çempionatında oynayan komandaya qarşı oynayacağıq. Yaxşı oynamağa çalışacağıq. İstəməzdim ki, futbol siyasətə qarışsın. Heç bir klub futbolçusu üçün əlavə problem yaşanmasını istəmir. İstər-istəməz düşmən ölkənin futbolçusunun meydanda olması azarkeşlərin narazılığına səbəb olur. Düşünürəm ki, Mxitaryanın gəlməməsi daha doğru oldu”.
Oxu: Henrix Mxitaryan Bakıya gəlməkdən imtina etdi
Qurbanov indiki "Arsenal”ı Arsen Venqerin dövründəki komanda ilə müqayisə edib:
"Açıqlamalardan belə başa düşürəm ki, baş məşqçiləri daha çox qol vurmağı tələb edir. Bu komandanın öz kökü var. Yeni məşqçi gəlsə də, taktika dəyişməz olaraq qalır. Yenə topla oynamağı sevirlər.
"Arsenal”ın indi daha sürətli oyunçuları var. Ancaq istər Arsen Venqer, istərsə də Unai Emerinin vaxtında "Arsenal” baxımlı oyun nümayiş etdirib. Biz onların qarşısını tək toplu hücumlarda yox, mübarizələrdə də dayandırmalıyıq.
"Arsenal”da ikinci heyət varmı, bilmirəm. Ona görə də onların hər iki heyəti ilə oynamaq çətindir”.
Maksim Medvedev isə "Arsenal”dan heç kimlə forma dəyişməyəcəyini bildirib:
"Mənim hansısa məşhur futbolçu ilə forma dəyişmək kimi xasiyyətim yoxdur. Ümumiyyətlə, mən belə şeylərdə utancağam. Meydanın ortasında kimdənsə forma almıram. Ola bilər ki, oyundan sonra paltardəyişmə otağında dəyişim. Amma forma kolleksiyası yığan deyiləm.
İngilis klublarına qarşı oyunumuzun alınmamasının səbəbi onların çox güclü çempionatlarda oynamasıdır. Məsələn, "Atletiko” ilə oynayanda düşünürdük ki, təktexnikalı futbol oynayırlar. Amma ingilis klubları hərtərəfli güclüdür”.
Forma dəyişmək məsələsinə Qurbanov da münasibət bildirib:
"Mən forma dəyişilməsində qəbahət görmürəm. Futbolçu olan vaxt, bəlkə, buna pis yanaşardım. Amma oyundan sonra forma dəyişilməsi normal haldır”.
Qeyd edək ki, bu matç sabah saat 20:55-də başlayacaq.