Sabah Bakı metrosu gücləndirilmiş rejiminə keçəcək
03.10.2018
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov verdiyi məlumata görə,oktyabrın 4-də UEFA Avropa Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq.
O, bildirib ki, metropolitendə həmin stadionda keçirilən tədbirlərlə bağlı təsdiq olunmuş əməliyyat planı var: "Bu plana uyğun olaraq, "Koroğlu" stansiyası oyuna 2 saat qalmışdan futbol matçı başa çatması ilə əsas tamaşaçı kütləsinin axını tam tənzimlənənə qədər gücləndirilmiş rejimində işləyəcək".
B.Məmmədovun sözlərinə görə, oyunla əlaqədar canlı qüvvə və texniki vasitələr də ayrılacaq: "Texniki vasitələr dedikdə, ən əsas texniki məsələ ehtiyat qatarların nəzərdə tutulmasıdır".
Mətbuat katibi onu da qeyd edib ki, zərurət yaranacağı təqdirdə xəttə ehtiyat qatar veriləcək: "Sərnişinlərin metronun "Koroğlu" stansiyasının xidmətindən tam təhlükəsiz və rahat istifadə etməsi təmin olunacaq".