Xocalı faciəsi ilə bağlı ƏMR
07.02.2018
"Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb.
Dövran Media xəbər verir ki, müvafiq əmr ilə təsdiqlənmiş "Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”nda "Xocalıya gedən yol” mövzusunda mühazirə, toplantı, "Dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfransların təşkili nəzərdə tutulur.
Bundan əlavə, "Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda bədii qiraət gecələri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgiləri təşkil olunacaq.
"Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiyalar təşkil olunacaq, sənədli və bədii filmlər nümayiş ediləcək.
Xocalı soyqırımından bəhs edən, elmi kitabların və nəşrlərin sərgisi, divar qəzetləri, bülleten, fotostendlər və guşələr hazırlanacaq.
Təhsil müəssisələrinin internet resurslarına Xocalı soyqırımını əks etdirən materiallar yerləşdiriləcək, keçirilən tədbirlər kütləvi informasiya vasitələri və televiziya kanallarında işıqlandırılacaq.
Eyni zamanda, Təhsil müəssisələrinin müəllim və şagird kollektivi soyqırım şahidləri ilə görüşəcək, "Ana fəryadı” abidəsini ziyarət edəcəklər.
Ümumi təhsil müəssisələrində tədbirlərin keçirilməsi ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri dünyaya çatdırmaq məqsədlərinə xidmət edir.
DM