Səkkiz kəndin Azərbaycana qaytarılması prosesi başladılıb
17.08.2022
Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov avqustun 16-da keçirilən mətbuat konfransında deyib ki, Qazaxın işğal altındakı yeddi kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur.
2020-ci ilin 10 noyabrında Azərbaycanla Ermənistan arasındakı müharibəni bitirən üçtərəfli sənəd imzalandıqdan dərhal sonra Qazaxın yeddi kəndinin (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) və Naxçıvanın Kərki kəndinin də işğaldan azad ediləcəyi fikirləri hərbi-siyasi polemikaların mərkəzində yer alıb.
Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərə baxışı ilə həmin səkkiz kəndin taleyini paralel şəkildə gündəmdə saxlayıb.
Çünki səkkiz kəndin Azərbaycana qaytarılması mövzusu, mümkündür ki, 10 Noyabrdan əvvəlki təmaslarda şifahi razılaşma predmeti olub, sadəcə, bunu birdən-birə erməni cəmiyyətinə yedirtmək baş nazir Nikol Paşinyan üçün çətin olacaqdı.
Tədrici proseslərlə səkkiz kəndin taleyinin Azərbaycanın suverenliyi və yurisdiksiyası altına keçməsinə hazırlıq başladıldı və artıq erməni cəmiyyəti də bu əhvala öyrəşdirilib.
Prezident İlham Əliyev bu ilin mayın 23-də imzaladığı sərəncamla Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiya yaratdı. Komissiyanın tərkibinə baxdıqda aydın oldu ki, Qazaxın yeddi kəndi və Kərki kəndi də delimitasiya prosesi çərçivəsində Azərbaycana qaytarılacaq, yəni gündəmdə qalan məsələ rəsmiləşərək zəruri hüquqi tədbirlər kompleksi sferasına daxil oldu.
Elə həmin zamanı səkkiz kəndin Azərbaycana qaytarılması prosesinin ilkin hüquqi addımı kimi qiymətləndirməliyik.
Hüquqi tələbləri "sıfır nöqtə”dən çıxış kimi dəyərləndirmək fonunda Qazaxın işğal altındakı kəndlərində Rusiya və Ermənistan hərbçilərinin görünməsini normal hesab etmək lazımdır.
Ona görə ki, əhalinin təhlükəsizliyi, hərbi insident risklərinə qarşı preventiv tədbirlər kimi rus və erməni hərbçilərin ərazidə xidmət aparmaları lazımdır.
Qazaxın yeddi kəndi və Kərki kəndini Zəngəzur dəhlizi məntiqinə inteqrasiya etmək vacibdir, çünki perspektiv koridorun problemsiz açılması anklav məsələlərin həlli ilə əlaqədardır.
Ermənistanda isə bir qədər qorxu var. Həyəcan ondan ibarətdir ki, yeddi kənd geri verilərsə, Ermənistanın şimalı ilə cənubunu birləşdirən xətt və Gürcüstana gedən yolun arteriyası qırılacaq, yəni Azərbaycanın nəzarətinə keçəcək. Çünki həmin yolun bir hissəsi Qazaxın işğal altındakı kəndlərindən keçir.
Yeddi kəndin delimitasiya prosesində Azərbaycana verilməsi qeyd etdiyimiz yolun arteriyasının qırılması tendensiyası ilə müşayiət edilsə, rəsmi Bakı magistral üzərindən ikinci üstünlük qazanacaq.
Yəni Gorus-Qafan yolunun 21 kilometrinə nəzarət edən Azərbaycanın delimitasiyadan sonra Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunda postlar qurması qaçılmaz proses kimi görünür.
Qazaxın yeddi kəndi Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana alternativ bir üstünlük də təqdim edir. Ermənistan onsuz da əvvəldən Azərbaycanın Naxçıvanla quru əlaqəsinin yaradılması üçün İrəvan şimal dəhlizi (Qazax-İcevan-İrəvan-Naxçıvan) istiqamətindəki dəmiryolu xəttinin işə salınmasını istəyirdi.
Azərbaycan isə bunun əvəzində daha qısa və sərfəli Zəngilan-Mehri-Naxçıvan marşrutunu ön planda tutur.
İndi Ermənistanın Azərbaycana hansı marşrutu verəcəyi dəqiq deyil, amma ehtimal etmək olar ki, İrəvan Bakının üstünlük verdiyi marşrutla razılaşsın.
Bir məqamı nəzərdən qaçırmaq lazım deyil, 10 Noyabrdan sonrakı ilkin mərhələdə nəqliyyat marşrutları bir-birindən ayrı tutulurdusa, növbəti etaplarda bu, bir-birinə inteqrasiya edilmiş plan kimi ortaya çıxır.
Qazax-İcevan marşrutu üzrə yeni hərəkət trayektoriyası Rusiyanın da marağındadır. Amma Kremlin maraq dairəsi bir qədər üçüncü tərəfə basqı xarakteri daşıyır, söhbət Moskvanın Gürcüstana təzyiq yaratması üçün qazana biləcəyi növbəti rıçaqdan gedir.
Azərbaycan isə Gürcüstanla mübahisəli məcraya getmək niyyətindən uzaqdır. Çünki Azərbaycanla Türkiyə Gürcüstanın tərəfdaşıdır və Bakı-Ankara ikilisi bu ölkəni təhlükəsizlik zolağına çəkmək xəttini tuturlar.
Ona görə də Azərbaycanla Türkiyə həmin yolun Gürcüstana təzyiq vasitəsi kimi nəzərdən keçirilməməsi üçün Rusiya ilə danışıqlar aparacaq.