Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə xəbərdarlıq edib
16.08.2022
"Son vaxtlar sosial şəbəkələri monitorinq etdikdə biz müəyyən qrupların, ayrı-ayrı şəxslərin özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini elan edən reklamlarını görürük”.
"DM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sanki mövsüm gələndə hamı mütəxəssisə çevrilir:
"Təcrübəmizə əsaslanaraq deyə bilərik ki, ixtisas seçimini başqalarına həvalə etmək düzgün deyil. Onlar heç bir əsası olmadan özləri özlərini ekspert adlandırır və kimlərisə pul müqabilində xidmət göstərməyə dəvət edirlər. Belə insanlara etibar etmək olarmı? Hətta burada qəbul ola bilməyənlərlə bağlı şirin vədlər verirlər ki, gəlin attestatla sizi xaricdə təhsil almağa göndərək. Heç bir nüfuzu, reytinqi olmayan universitetlər də onları qəbul edir. Sonda necə olur? Məgər o diplomların hamısı bizim ölkədə tanınırmı? Həmin universitetlərin məzunları lazımi mütəxəssis ola bilirlərmi? Bu sualları hamı özünə verməlidir”.