Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Argentina Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşinin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Argentina Prezidenti Alberto Fernandesin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdıran səfir Marianxeles Belluşi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlət başçısı səfirlə söhbət edib.
Prezident İlham Əliyev Alberto Fernandesin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını Argentina Prezidentinə çatdırmağı xahiş edib.
Ölkələrimiz arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu bildirən dövlət başçısı ticari və iqtisadi sahələrdə də əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib və bunun üçün yaxşı potensialın mövcud olduğunu deyib.
Bakıda olmaqdan məmnunluğunu ifadə edən səfir paytaxtımızın gözəlliyinin ona dərin təəssürat hissi bağışladığını vurğulayıb və ölkəmizdə çox böyük qonaqpərvərliyin şahidi olduğunu bildirib.
Səfir Marianxeles Belluşi iqtisadi–ticari əlaqələrin genişlənməsi və bu baxımdan əməkdaşlığın səhiyyə, texnologiyalar, kənd təsərrüfatı və digər yeni sahələrinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.
"DM" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.