İran XİN: Nüvə danışıqları ilə bağlı irəliləyiş mərhələsindəyik
15.08.2022
Vyanadakı bu danışıqlar dövründə İranın gözləntilərinin bir hissəsi özünü doğruldub.
"DM"-nın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirilən mətbuat konfransında deyib.
"Biz İrana qarşı sanksiyaların aradan qaldırılması məqsədilə danışıqlar qrupunun birbaşa və davamı olan bir prosesindəyik. Əvvəllər Vyana və Dohada keçirilən danışıqların davamı olaraq, biz bu yaxınlarda başqa bir görüşün şahidi olduq. Nüvə müzakirələri komandası yaxşı və davamlı razılaşma əldə etmək üçün ciddi motivasiya ilə bu danışıqlarda iştirak edib və İran xalqının əsas maraqlarını təmin etməyə çalışır".
O, danışıqların bu dövrünün ağır və həssas olduğunu, ümumilikdə, əhəmiyyətli irəliləyiş əldə edildiyini vurğulayıb və qeyd edib ki, bu dövr danışıqlarda İranın gözləntilərinin bir hissəsi təmin olunub.
"Lakin İranın qanuni tələbləri tam təmin olunmayıb. Qarşı tərəfdən bizim gözləntilərimiz var idi. Danışıqların nəticəsi o oldu ki, Aİ koordinatoru danışıqların vasitəçisi kimi Vyana və Dohada əvvəlki danışıqların nəticələrinə və son danışıqlara əsaslanan yeni xülasəni iştirak edən tərəflərə təqdim edib. Bu məsələlər daha çox məsləhətləşmələr tələb edirdi və buna görə də komandalar paytaxtlara qayıdıb”.
Nasir Kənani qeyd edib ki, Tehranda ən yüksək səviyyədə ciddi məsləhətləşmələr aparılır.
"Biz irəliləyiş mərhələsindəyik, lakin razılaşmaya yaxın olduğumuzu və danışıqların bu raundunun razılaşmaya gətirib çıxara biləcəyini söyləmək İranın qarşı tərəfdən, xüsusən də Amerika tərəfdən haqlı gözləntilərinin icrasından asılıdır." .