Ərdoğan Türkiyə ilə Azərbaycan arasında sosial sahədə imzalanan sənədi təsdiqləyib
05.08.2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin tətbiq edilməsinə dair 2004-cü ilin mayın 6-da Bakıda imzalanmış prosedur müqaviləsinə dəyişiklik edilməsi barədə Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında əlavə prosedur müqavilə”ni təsdiqləyib.
Bu barədə dövlət başçısı qərar imzalayıb.
Bildirilib ki, tərəflər Azərbaycanın icbari tibbi sığorta sahəsində qanunvericiliyində baş vermiş dəyişiklikləri nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəliblər:
"Maddə 1. Tərəflər arasında Prosedur Müqavilənin V bölməsinin 26-cı maddəsi aşağıdakı kimi dəyişdirilmişdir: "Bu Müqavilədə göstərilən analığa görə və protez yardımları istisna olmaqla, digər tibbi yardımlarla bağlı müddəalar, "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sığorta haqları üzrə yığımlar bütün ölkə əhalisinə tətbiq edildikdən sonra həyata keçirilir”.
Maddə 2. Bu əlavə Prosedur Müqavilə onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir və Prosedur Müqavilə qüvvədə olduğu müddət ərzində qüvvədə qalır”.
Qeyd edək ki, Əlavə Prosedur müqavilə cari ilin mayın 19-da Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və onun türkiyəli həmkarı Vedat Bilgin arasında imzalanıb.