ABŞ konvertoplanlarını Tokio ətrafında yerləşdirib
01.10.2018
ABŞ silahlı qüvvələri Yaponiyada ilk dəfə "CV-22 Osprey” konvertoplanlarını rəsmi olaraq Tokio yaxınlığında, Fussa şəhərindəki Yokota hərbi bazasına yerləşdirib.
Yaponiya Müdafiə Nazirliyi xəbər verir ki, oktyabrın 1-də həmin baza 5 konvertoplan qəbul edib.
Müdafiə naziri İtsunori Onodera bildirib ki, bu tədbirlər Yaponiyanın Asiya-Sakit okean regionunda təhlükəsizliyinə xidmət edir. Bununla yanaşı, nazir qeyd edib ki, Yaponiya ABŞ tərəfi ilə birlikdə konvertoplanların yerli sakinlərə təsirini azaltmağa və uçuşların təhlükəsizliyini təmin etməyə çalışacaq.
Yaponiya Müdafiə Nazirliyinə ABŞ konvertoplanlarının oktyabrın 1-də Yokotada yerləşdiriləcəyi barədə məlumat cari ilin avqustunda göndərilib. 2024-cü ilədək həmin bazadakı maşınların sayının 10-a çatdırılması nəzərdə tutulur. Həmin maşınlara qulluq etmək üçün 450 nəfər şəxsi heyətin də həmin bazaya köçürüldüyü bildirilir.
"CV-22 Osprey” konvertoplanları cari ilin aprelində Tokio yaxınlığında keçirilən təlimlər zamanı artıq həmin bazada yerləşdiriliblər.