İqtisadiyyat Nazirliyinə daha iki səlahiyyət verilib
03.08.2022
Prezident İlham Əliyev "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində aldığı istehsal və yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 12 iyul 2016-cı il tarixli fərmanında dəyişiklik edib.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi ƏDV-nin qaytarılması ilə bağlı vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etməlidir.
Bundan başqa, dövlət başçısı "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli qanunun tətbiqi və "Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun və bu qanunla təsdiq edilmiş Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” ölkə prezidentinin 30 avqust 2000-ci il tarixli fərmanında dəyişikliklər edilməsi haqqında” ölkə prezidentinin 23 dekabr 2016-cı il tarixli fərmanında dəyişiklik edib.
Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi vergi ödəyicilərinin əldə etdikləri gəlirlərin və xərclərin uçotunun, eləcə də nağdsız əməliyyatların aparılmasına, e-ticarətin vergiyə cəlb edilməsinə və səyyar vergi yoxlamaları zamanı vergi üstünlüyü əldə etmək məqsədilə qanunvericiliyin tələblərindən sui-istifadə etməklə aparılan əməliyyatlara ciddi nəzarət olunması istiqamətində bütün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev "2011-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiq edilməsi barədə” 24 noyabr 2010-cu il tarixli fərmanında dəyişiklik edib.
Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi hər rüb başa çatdıqdan sonra səhmlərinin (paylarının) 50%-dən çoxu dövlətə məxsus olan hüquqi şəxslərin vergi hesablamalarını və ödəmələrini aidiyyəti qurumlarla birlikdə təhlil etməli, vergilərin dövlət büdcəsinə ödənilməsini təmin edən tədbirlər görməli və görülmüş işlər barədə ildə bir dəfə ölkə prezidentinə məlumat verməlidir.