Azərbaycan, Özbəkistan və Türkiyə ilk dəfə üçtərəfli danışıqlar aparacaqlar
01.08.2022
Avqustun 2-də Daşkənddə Türkiyə-Özbəkistan-Azərbaycan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi xəbər verib.
Məlumatda deyilir ki, üçtərəfli mexanizm çərçivəsində Xəzərdən keçən Şərq-Qərb mərkəzi dəhliz başda olmaqla üç ölkənin ortaq gündəmində olan məsələlərdə koordinasiya və əməkdaşlığın artırılması hədəflənib.
Xəbəri həmçinin Özbəkistan prezidentinin sözçüsü Şerzod Əsədov təsdiqləyib və bildirib ki, belə bir görüş ilk dəfə keçiriləcək.
"Bu, tamamilə yeni mexanizmdir”, - deyə o, vurğulayıb.
Ş.Əsədov danışıqların üç dövlətin prezidentlərinin razılaşmalarına uyğun olaraq təşkil edildiyini xatırladıb.
"Danışıqların gündəliyinə regionlararası əməkdaşlığın daha da inkişaf etdirilməsi, investisiya, innovasiya, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivləri daxildir”, - deyə prezidentin sözçüsü əlavə edib.
O da qeyd edilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlunun səfər çərçivəsində prezident Şavkat Mirziyoyev tərəfindən qəbul ediləcəyi gözlənilir.
Mənbə: Gazeta.uz