Françesko Paoluççi Azərbaycanda təlimlər keçirir - FOTO
29.07.2022
Səhiyyə Nazirliyinin dəvəti ilə Nyukasl və Bolonya universitetlərinin professoru, səhiyyə siyasətinin təkmilləşdirilməsi üzrə tanınmış ekspert Françesko Paoluççi ölkəmizdə səfərdədir.
Nazirlikdən bildirilib ki, səfər çərçivəsində ölkəmizin səhiyyə sahəsində çalışan mütəxəssislər üçün ikigünlük təlimlər təşkil olunub. Tədbirdə Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, "ASAN Xidmət”, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) vəzifəli şəxsləri, həmçinin özəl sığorta sektorunun mütəxəssisləri iştirak ediblər.
"Səhiyyənin transformasiyası və səmərəli maliyyələşdirilməsi” mövzusunda məruzə ilə çıxış edən professor Françesko Paoluççi səhiyyənin transformasiyası üzrə beynəlxalq təcrübələr, səhiyyə iqtisadiyyatı və səhiyyənin maliyyələşdirilməsinin vacib prinsipləri, səhiyyə sektorunda müxtəlif sığorta tətbiqlərinin optimal istifadəsinə dair dünya təcrübələrini təlim iştirakçıları ilə bölüşüb.
Qeyd edək ki, səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi üçün professor Paoluççi 20 ildən artıq müddətdə qlobal səhiyyə sistemlərinin səmərəli maliyyələşməsini təhlil edərək, bu sahədə mühüm nailiyyətlərə imza atıb.
Təqdimatlar iştirakçıların böyük marağına səbəb olub.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, professor Paoluççi iştirakçıların suallarını cavablandırıb.