Qarabağda növbəti hücum: Bakı xəbərdarlıq edib
26.07.2022
Ermənilər 9 təxribat edib: ikisi sərhəddə, beşi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə;
Dünən gecə Blinkenin İrəvan və Bakıya zəngi fonunda baş verən bu təxribatlar nə deməkdir?
Dövlət katibinin vurğunu "Minsk Qrupu” üzərindən qurması İrəvanı hərəkətə keçirən amil ola bilər: sərhəd təxribatı ilə Bakının yeganə irəliləyiş kimi qiymətləndirdiyi prosesi dalana salır; Qarabağda törədilən təxribatlarla "münaqişənin” həll edilmədiyi iddiasını gündəmə gətirir və "Minsk Qrupu”nun lazımlılığını aktuallaşdırır, bununla Vaşinqtonun da əlinə oynayan gediş edir.
Bakının təxribat ocaqlarını susdurulması ilə bağlı informasiyasını isə atılacaq addımların mesajı olaraq qiymətləndirmək olar: Qarabağda qanunsuz erməni silahlı birləşmələr tam çıxarılmayana qədər problemlər davam edəcək və bu, antiterror əməliyyatını daim aktual olmasına əsas yaradır.
Prezident Əliyevin erməni ordusunun qalıqlarının çıxarılması haqda çıxışı, ardınca XİN rəhbərlərinin görüşü, nəhayət, Ermənistan tərəfinin 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasına başlanıldığı, sentyabra qədər prosesin yekunlaşacağı anonsunu verməsinə səbəb oldu. Həm İrəvan, həm Moskvada prosesin başlanmayacağı, yaxud bununla bağlı nəsə edilməyəcəyi təqdirdə Bakının "təmizləmə” addımlarını işə sala biləcəyi haqda məlumatın olması istisna deyil və "prosesin başlanması” anonsu da bunun qarşısının alınmasına hesablanıb. Lakin Bakını iki məqam narahat edir:
Birincisi, erməni qoşunların əsas hissəsinin separatçıların qondarma "müdafiə ordusu” adı altında bölgədə saxlanılması;
İkincisi, qondarma "müdafiə ordusu”nun mövqelərinin möhkəmləndirilməsi;
- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın "44 günlük müharibədə Qarabağa göndərilən erməni hərbi birliklərdən” bəhs etməsi İrəvanın bir neçə birliyi çıxarmaqla 4-cü bəndin icrasını imitasiya edə biləcəyi gözləntisini önə çıxardı;
- Bir neçə gün öncə Xocalıda separatçı-terrorçuların rus sülhməramlılarının dəstəyi ilə yeni səngərlər qazdığının görüntüləri yayımlandı.
Bakı İrəvana, eyni zamanda, Moskvaya xəbərdarlıq edir: imitasiyanı qəbul etməyəcək; Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində erməni terrorçuların mövqelərə malik olduğunu bilir və bu istiqamətlərdə təmizləmə əməliyyatı keçirə bilər.
Bununla "Minsk Qrupu”ndan əl çəkmək istəməyən Vaşinqtona da Qarabağda qalan əlisilahlı ermənilərin terrorçu olduğu və Azərbaycanın suverenliyinə qarşı təxribatların susdurulacağı çatdırılır.