Ənənələrin təbliği: II Milli Yaylaq Festivalı başlayacaq
26.07.2022
29-31 iyulda Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılaraq beynəlxalq miqyasda tanıdılması məqsədi ilə II Milli Yaylaq Festivalı keçiriləcək.
"DM" xəbər verir ki, ölkəmizdə ikinci dəfə təşkil olunan festival Hacıkənddə yerləşən Xan yaylağında baş tutacaq.
"Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyi və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə festivalda 22 xarici ölkədən 300-ə yaxın qonağın iştirakı gözlənilir.
Xan yaylağı ərzisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində "Cıdır meydanı”, "Yaylaq bazarı”, "Sənətkarlıq guşəsi”, "Dədə Qorqud ocağı”, "Yaylaq yatağı”, "Pəhləvan meydanı”, "Aşıq Ələsgər ocağı”, "Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərəcək.
Xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər.
II Milli Yaylaq Festivalının bədii proqramına Akademik Musiqili Teatr, Pantomima Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Dövlət Sirki, Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası, həmçinin Gəncə, Masallı və Şəki Regional Mədəniyyət İdarələrinin musiqi, rəqs və folklor kollektivlərinin çıxışları gözlənilir.
Qeyd edək ki, festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur.