Blinkenin Əliyev və Paşinyana zənginin əsas hədəfi
26.07.2022
Blinken Əliyev və Paşinyanla telefonda danışıb: Vaşinqton Bakı-İrəvan münasibətlərinin normallaşması prosesinə, o cümlədən kommunikasiyanın açılmasına dəstək vermək istədiyini dilə gətirir;
Blinkenin zəngi üç kontekstdə diqqət çəkir:
Birincisi, Avropa İttifaqının vasitəçiliyinin müəyyən qədər arxa plana keçməsidir: Vaşinqton Brüssel görüşlərini dəstəkləyir və Azərbaycan-Ermənistan münasibətlərində Aİ üzərindən iştirak edirdi, hərçənd, Lavrovun Ankara səfərindən və Əliyevin Zəngəzur dəhlizinin açılmasını regional sülhün əsas kompenenti elan etməsindən sonra Brüsseldə dəhlizin "yol məntiqi” ilə açılmasına dair şifahi razılaşmanın qüvvədən düşməsi, dolayısı ilə Brüsselin prosesdə iştirakçılıq payının azalması müşahidə olunur; bu situasiya fonunda ABŞ prosesdə birbaşa iştirakını artırmaq niyyətindədir və Tiflisdə XİN rəhbərlərinin keçirilən görüşü də bunun tərkib hissəsi idi;
İkincisi, Cənubi Qafqazda Ankaranın Moskva ilə birlikdə fəaliyyətinin yenidən aktuallaşması – Lavrovun Ankara-İrəvan-Tehran-Bakı marşrutu üzrə səfəri bu prosesi aktivləşdirdi, Ərdoğan, Putin və Rəisinin Tehran zirvəsinin bütün fikir ayrılıqlarına rəğmən, bölgədə 3+3 formatının inkişafına mümkün təsiri Aİ-nin proseslərdə iştirakını zəiflətdiyi kimi, Vaşinqtonun da rıçaqlarını azaldır; ABŞ Bakı və İrəvan arasında əvvəldən irəli sürdüyü "ikitərəfli format”la bölgəyə müdaxilə etmək, Rusiyanı oyundankənar vəziyyətə salmaq niyyətindədir;
Üçüncüsü, Blinkenin zəngi son proseslər fonunda Vaşinqton və Moskvanın Qarabağ üzərindən apardığı nüfuz müharibəsinin kəskinləşdiyini göstərir: Uilyam Bernsin İrəvan səfəri, ardınca Narışkinin İrəvan və Bakı ziyarəti savaşın kəşfiyyat qatında da getdiyinin təsdiqidir.
Bu mübarizə alternativlərin olması, xüsusilə Moskvanı öz vasitəçiliyi ilə əldə edilən razılaşmaların icrasına sövq etməsi baxımından sərfəlidir. Hərçənd, İrəvanın da alternativ imkanından öz maraqlarının təmin edilməsi məqsədilə istifadə edə biləcəyi gerçəyi də var.
Burada əsas məsələ Bakının maraqları, xüsusilə bölgədəki hazırki situasiya fonunda bu maraqların hansı cəbhədə təmin edilməsidir.
Vaşinqton Azərbaycanın "ikitərəfli format” istəyini dəstəkləyir, amma Zəngəzurun "dəhliz məntiqi” ilə açılması, həmçinin, Ankara-Moskva ikilisinin bölgə üzərindəki planları Rusiya masasını aktuallaşdırıb və Ankara-Bakı ikilisi bu prosesdə "saatlarını yoxlayaraq” hərəkət edir. Bu baxımdan, indiki situasiyada Vaşinqtonun əsas məsələlərdə - kommunikasiyanın açılması, sərhədin müəyyənləşməsi, sülh sazişi və s. – iştirakçılığı ehtimalı daha zəifdir. Lakin Azərbaycan ABŞ və Aİ-nin proseslərdə bu və ya digər formada iştirakında da maraqlıdır. Və bu iştirakçılıq xüsusilə humanitar məsələlərdə həlledici ola bilər.
Bakı və İrəvanın zənglə bağlı rəsmi məlumatında "əsirlərin qaytarılması və itkin düşənlərin taleyi ilə bağlı məsələnin” müzakirəsinə dair məqam da hər iki tərəfin ABŞ-ın humanitar prosesdə iştirakında ortaq mövqeyə malik olduğunu göstərir. Mümkündür ki, ABŞ bölgədə iştirakını aktivləşdirmək üçün "əsir və itkin düşmüş”lərlə bağlı irəliləyişə nail olmağa çalışacaq. Bu, Bakının I Qarabağ müharibəsində itkin düşənlərin taleyi və kütləvi məzarlıqlar haqda məlumat əldə etməsinə imkan verə bilər.