Psixoloq: Atasının sözü ilə 17 yaşlı qız özünü asıb
26.07.2022
Valideyn və övlad arasında körpülərin yanması, onlar arasında bağların olmaması, uşağa alçaldıcı sözlər deyilməsi, kimlərləsə müqayisə edilməsi onda özünəinamı aşağı salır. Belə olan halda yeniyetmə özünü cəmiyyətdən təcrid edərək, çıxış yolunu intiharda görür.
Bu sözləri psixoloq Ülviyyə Murtuzova deyib.
"İmtahan qabağı stress yeniyetmələr üçün çox həssas dönəmdir. Bu dönəmdə ən həssas nöqtə valideyn və övlad arasında olan körpüdür. Onlar arasında olan bu körpüdə sevgi, hörmət, qayğı, dəyər nə qədər möhkəm olarsa, övladda da bir o qədər özünəinam artar. Valideyinlər uşaqlarını, "Bax, yüksək bal topla, bizim sənin üçün illərdir qoyduğumuz pulu batırma, məni kimlərinsə yanında başıaşağı eləmə” deyib, imtahana göndərirlər. Hətta bəziləri imtahana göndərən uşaqlarına, "Uğursuz nəticə ilə gəlsən, evi unut. Özünü öldür” deyir. Təbii ki, bunu məcazi mənada deyir. Amma bunu gerçək qəbul edən övlad tipləri də var”, - psixoloq bildirib.
Onun sözlərinə görə, intihar kimi halların qarşısını almaq üçün yeniyetmələrə necə dəyərli olduqlarını hiss etdirmək lazımdır:
"Çox vaxt övlad çətinə düşəndə valideynə söz deməkdən qorxur. Bütün problemlər burdan başlayır. Valideyn ona hər zaman bildirməlidir ki, mən səni dinləyirəm. Ona həmişə demək lazımdır ki, hər səhvinlə, hər yanlışınla, hər uğursuzluğun və məğlubiyyətinlə sənin yanındayam. Hər etdiyin nöqsanda bizə güvənə bilərsən. Çünki sevəcək, sənə doğru yol göstərəcək yeganə insanlar bizik. Belə olduğu halda övlad özünü şanslı bilir. Valideynlər onlara qarşı sərt olduqda bu zaman yeniyetmədə xarici ölkəyə getmək fikri formalaşacaq və ya ev tutub, sıfırdan özünə yeni həyat inşa edəcək. Bunu bacara bilməyənlər isə intihara üz tutacaq. Bunun isə başlıca səbəbi valideynlərdir. Çox diqqəli olmaq lazımdır. Övladın hər gün şüuru inkşaf edir, hər gün fərqli bir baxış bucağı görür. Buna görə də hər gün övladınıza yanında olduğunuzu hiss etdirməlisiniz. Belə sözlər adət halını alsa, yeniyetmələr arasında baş verən intihar hallarının da qarşısını almaq mümkün olar”, - psixoloq bildirib.
Qeyd edək ki, Şərur rayonunun Zirvə kənd sakini Laçın Ümman qızı Rzayeva imtahan nəticələrinin zəif olduğu üçün valideynlərinin təzyiqlərinə dözməyərək intihar edib. İddiaya görə, ata evdən çıxarkən "Mən işdən qayıdınca özünü öldür” deyib, övladı isə bunu ciddi qəbul edib.