21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Deputatlar “Zeytun budağı” əməliyyatını ŞƏRH ETDİLƏR

06.02.2018

Yanvarın 20-dən Türkiyə ərazi bütövlüyünü terror təhlükəsindən qorumaq üçün qonşu Suriyanın Afrin bölgəsində "Zeytun budağı” əməliyyatına başlayıb.
Bu günə qədər öldürülən terrorçu sayı isə 897 nəfərə çatıb. Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı” əməliyyatına beynəlxalq aləmdə münasibət birmənalı deyil. Əməliyyata Türkiyənin legitim haqqı kimi yanaşan ölkələr də var, onun dərhal dayandırılmasını tələb edənlər də.
Azərbaycan Milli Məclisin deputatları Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı” əməliyyatı barədə danışıblar.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahibə Qafarova deyib ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Zeytun budağı” əməliyyatının məqsədi Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirməkdir.
"Türkiyənin bu əməliyyata başlaması ərazidə yaşayan mülki insanları terror hücumları və təhdidlərindən qorumaq məqsədi daşıyır. Düşünürəm ki, Türkiyə Silahlı Qüvvələrinin bu əməliyyatı beynəlxalq hüququn mühüm sənədlərinə söykənir. Türkiyə beynəlxalq hüquqdan irəli gələn vəzifələr çərçivəsində BMT-nin Təhlükəsizlik Şurasının terrorizmə qarşı mübarizə üzrə müvafiq qərarlarına söykənərək, belə bir addım atıb. Türkiyə BMT Nizamnaməsinin 51-ci maddəsində əksini tapan özünümüdafiə hüququnu gerçəkləşdirir. Türkiyə dövlət və hökumət başçısı səviyyəsində Suriyanın ərazi bütövlüyünün qorunacağına dair təminat verib”.
Deputat bildirib ki, Türkiyə dəfələrlə terror hücumlarına məruz qalıb və nəticədə çoxlu sayda günahsız insan həlak olub.
"Türkiyə bu günə qədər Suriyada sülh və təhlükəsizliyin təmin olunması, dinc əhalinin terror hücumlarından qorunması istiqamətində üzərinə böyük məsuliyyət götürüb, müharibədən qaçaraq öz həyatlarını xilas etmək istəyən suriyalılara ümid, pənah yeri olub. Türkiyə bu əməliyyatları koalisiya qüvvələri ilə koordinasiyalı və uğurlu məlumatlandırma şəklində həyata keçirir. Əməliyyatda terrorçuların hədəfə alınması, mülki vətəndaşların heç bir zərər görməməsi üçün xüsusi səylər göstərilməsi təqdirəlayiqdir. Terrorizm beynəlxalq bəladır və terrorizmin aradan qaldırılmasına yönəlmiş istənilən cəhd dəstəklənməlidir”.
Milli Məclisin Regional məsələr komitəsinin üzvü Azər Badamovun sözlərinə görə, Türkiyə prezident Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi altında güclənir.
"Dünya tarixində də Türkiyə həmişə yeri görünən hegemon dövlət olub. Türkiyə hər zaman İslam dünyasında birlik yaratmağa çalışır. Haqq-ədalət tərəfdarıdır. Avropanın da qorxduğu odur ki, müsəlman dövləti olan Türkiyə yenə güclənər və Avropada mövqeləri möhkəmlənər. Ona görə də Avropanın istədiyi odur ki, Türkiyə mütəmadi terrora məruz qalsın, gücdən düşsün və parçalansın. Amma Türkiyə də özünü müdafiə edə bilən qürurlu ölkədir. Heç kimə imkan verməz ki, kimsə onun haqqını tapdalasın.
Afrin bölgəsindəki hərbi əməliyyatlar da bu xarakter daşıyır. Bəzi dairələr Türkiyəyə mütəmadi terrorlarda maraqlıdır və YPG və PKK-nı müasir silahlarla silahlandırır. Türkiyə bunun qarşısını almağa qadirdir. Afrin bölgəsindəki uğurlu əməliyyatları da bunu deməyə imkan verir”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Adil Əliyev deyib ki, Türkiyənin "Zeytun budağı "əməliyyatının məqsədi Suriyanı parçalamaq olmadığını hamı anlayır.
"Türkiyə Suriyanın ərazi bütövlüyünü tanıyır və türk ordusunun bu ərazini terrorçulardan təmizləməkdə məqsədi həm də qonşu ölkənin təhlükəsizliyinə dəstəkdir. Odur ki, təhlükə sovuşduqdan və terrorçulara zərbələr endirildikdən sonra Türkiyə ordusu həmin əraziləri tərk edəcək və həmin ərazilər böyük ehtimalla Azad Suriya Ordusunun nəzarətinə keçəcək. Ötən dəfə həyata keçirilən əməliyyat da oxşar ssenari üzrə həyata keçirilmişdi. Azərbaycan həmişə olduğu kimi Türkiyənin yanındadır, bunu son əməliyyatlarla bağlı Azərbaycan XİN-dən açıqlama da sübut edir. Başqa cür ola da bilməz. Qardaş Türkiyənin terrorçularla mübarizəsini, bölgədə sabitlik yaratmaq səylərini dəstəkləyirik. Elə bizim də erməni separatçılarıyla mübarizəmizin məqsədi həm torpaqlarımızı terrorçulardan azad etmək, həm də bölgədə sabitliyi bərpa etməkdir”./Modern.az/
DM