Avropa Komissiyasının prezidenti Bakıya gəlir: Yeni qaz razılaşması imzalanacaq - VİDEO
18.07.2022
Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Leyen və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson bu gün Bakıya səfər edəcəklər.
Qeyd olunur ki, danışıqlar nəticəsində Aİ-nin Rusiya enerjisindən asılılığını azaltmaq və gələn qışda gözlənilən qaz qıtlığını aradan qaldırmaq məqsədi ilə yeni razılaşmanın əldə olunacağı gözlənilir.
"İndi Xəzər dənizi şelfində hasil edilən yanacaq Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə verilir. Avropa Komissiyasının mətbuat xidməti qeyd edir ki, tərəflər Avropa ölkələrinə təbii qaz tədarükünün şaxələndirilməsində onun rolunun artırılması məqsədilə Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə edəcəklər”, – xəbərdə bildirilir.
Məlumatda həmçinin vurğulanır ki, 2021-ci ildə Rusiyadan Avropa İttifaqı ölkələrinə 155 milyard kubmetr qaz ixrac edilib ki, bu da onun ümumi istehlakının 40%-ni təşkil edib.
"Brüssel 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi vasitəsilə hər il ən azı 20 milyard kubmetr yanacaq qəbul etməyə hazırlaşır və Azərbaycanı etibarlı tərəfdaş adlandırır”, – məlumatda vurğulanır.